CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın yeddi vətəndaşı Suriyadan Vətənə gətirilib

İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.
Sputnik
BAKI, 21 fevral — Sputnik. Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində fevralın 20-də Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 2-si qadın olmaqla 7 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib, daha sonra onların Türkiyə ərazisinə keçidi təşkil olunub.
İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.
Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız ölkəmizə qayıdış şəhadətnamələri ilə təmin edilib və onlar ölkəyə gətiriliblər.
Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycanın hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş vətəndaşlarımızın repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.