RUSİYA

Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcək

Rusiya hökumətinin himayəsi altında baş tutacaq forumda dəyirmi masa və biznes sessiyanı nəzərdə tutulur.
Sputnik
BAKI, 20 fevral — Sputnik. Fevralın 28-də Rusiyanın Stavropol vilayətində XII Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcək. Bu barədə Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyinin saytında məlumat verilib.
Forum MinvodyEXPO mərkəzində keçiriləcək. Forum Rusiya və Azərbaycanın regionlarının, işgüzar və ekspert dairələrinin nümayəndələrini birləşdirəcək iqtisadi sahədə ən böyük ikitərəfli tədbirlərdən biri olacaq.
Forumun təşkilatçıları Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyidir.
Forumun proqramının layihəsində plenar iclasın və dörd tematik panel iclasının keçirilməsi nəzərdə tutulur. Tədbirdə Rusiya və Azərbaycan arasında sənaye, nəqliyyat və logistika, ekologiya və kənd təsərrüfatı sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Tədbirdə İqtisadiyyat nazirinin müavini Dmitri Volvaç iştirak edəcək. Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov bu tədbirin hazırlanması ilə bağlı işçi iclas keçirib.
“Stavropol diyarı böyük beynəlxalq tədbirlərin mərkəzinə çevrilir. Gələn həftə biz Rusiya-Azərbaycan Forumuna ev sahibliyi edəcəyik. Təşkilatçılardan hazırlıqlara maksimum məsuliyyətlə yanaşmalarını xahiş edirəm. Stavropol diyarının zəngin iqtisadi potensialını iştirakçılara təqdim etmək lazımdır. Bizim vəzifəmiz xarici investorları regionda layihələrin həyata keçirilməsinə təşviq etməkdir” - V.Vladimirov qeyd edib.
Vilayət rəhbəri Forumun keçirildiyi ərazidə təhlükəsizliyin təmin edilməsinə xüsusi diqqət yetirilməsini tapşırıb. Bildirilib ki, Forumda Rusiya və Azərbaycanın işgüzar dairələrinin və hakimiyyət orqanlarının 400-ə yaxın nümayəndəsi iştirak edəcək.
Hazırda geniş iş proqramının, işçi görüşlərin və dəyirmi masaların hazırlanması başa çatdırılır. Qonaqlar üçün mədəni və ekskursiya proqramları nəzərdə tutulub. Proqram layihəsi dörd tematik dəyirmi masa və biznes sessiyanı nəzərdə tutur. Bura “Sənaye sektorunda gələcəyin texnologiyaları”, “İkitərəfli ticarət dövriyyəsinin artırılmasında nəqliyyat və logistika layihələrinin rolu”, “Humanitar, mədəni qarşılıqlı əlaqə və turizm sahəsində əməkdaşlıq inteqrasiya proseslərinin hərəkətverici qüvvəsi kimi”, “Sənaye kooperasiyası: aqrar-sənaye kompleksi sahəsində əməkdaşlıq”, “Rusiya və Azərbaycanda KOB-lar üçün ixrac imkanları” daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.