BAKI, 20 fevral — Sputnik. 156 nömrəli tam orta məktəbin direktoru yayılmış qeyri-etik görüntülərlə bağlı jurnalistlərə açıqlama verib. Gülər İsmayılova bildirib ki, sözügedən hadisə yanvarın 17-də, dərsdən kənar vaxtda baş verib.
"Biz bu hadisədən fevralın 14-də məlumat almışıq. Bundan sonra şagirdin valideyni məktəbə dəvət olunub" - Gülər İsmayılova bildirib.
Onun sözlərinə görə, videodakı qızlardan biri - nalayiq hərəkətlər edən yeniyetmə məktəbin şagirdidir, videonu çəkən və zərərçəkən başqa məktəbin şagirdləridir: "Qızın valideyni məktəbə çağırılıb. Şagird bunu zarafatla etdiyini və əməlindən peşman olduğunu bildirib. Polis məsələyə hüquqi qiymət verəcək".
Direktor onu da əlavə edib ki, məktəbin şagirdi, zorakılıq törədən qızın indiyədək digər sinif yoldaşlarına qarşı zorakılıq etdiyi müşahidə olunmayıb. Bildirib ki, psixoloq da həmin şagirdlə söhbət aparıb, o, zarafat məqsədi ilə bu hərəkəti etdiyini söyləyib.
Xatırladaq ki, dünən sosial şəbəkədə Bakının Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli məktəbin şagirdlərinin bir qızı bullinqə məruz qoyduğunu nümayiş etdirən video yayılıb. Məktəbin şagirdi olduğu bildirilən Rzaquliyeva Dilarə Rza qızı etdiyi qısnayıcı hərəkətlərini videoya çəkdirərək sosial şəbəkədə paylaşıb. Həmin videolardan görünür ki, D.Rzaquliyeva məktəb yoldaşının alnına ədəbsiz sözlər yazır, onun başında yumurta qırır və saçlarını qayçı ilə kəsir. Artıq Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan nümayəndəliyinin psixoloqu hadisənin baş verdiyi qızların təhsil aldıqları məktəbdədirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.