BAKI, 20 fevral — Sputnik. Şimali Makedoniyanın dövlət şirkəti olan "NOMAGAS" regional qazlaşdırma layihəsinin həyata keçirilməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) 98,6 milyon avroya qədər kredit ala bilər.
Bankın məlumatına görə, kredit, xüsusilə Yunanıstanla interkonnektorun və Şimali Makedoniyada iki qaz kəmərinin tikintisinə ayrılacaq.
Qeyd edək ki, Şimali Makedoniya digər Cənub-Şərqi Avropa ölkələri ilə birlikdə Azərbaycan qazının tədarükünü gözləyir. Bu qaz isə müvafiq infrastrukturun olmaması səbəbindən ləngiyir.
Balkan ölkəsində qaz istehlakı bazarının kiçik - ildə, təqribən 500 milyon kubmetr olmasına baxmayaraq, Şimali Makedoniyaya qaz tədarükü inflyasiya səviyyəsini azaltmaq üçün çox vacibdir.
Azərbaycan qazını Yunanıstandan birbaşa almaq üçün Şimali Makedoniya hakimiyyəti Nea Mesemvriyadan (Yunanıstan) Gevgeliyaya (Şimali Makedoniya) uzunluğu 123 km və tutumu 1,5 milyard kubmetr olan interkonnektor tikmək niyyətindədir.
Layihənin həyata keçirilməsi üçün Avropa maliyyə institutları 40 milyon avrodan çox vəsait ayırıblar. Kəmərin 2024-cü ilə qədər istismara verilməsi gözlənilir. Onun işə düşməsi ilə Şimali Makedoniya Yunanıstan vasitəsilə Transadriatik boru kəmərindən (TBK) lazımi həcmdə Azərbaycan qazını birbaşa idxal edə biləcək.
Azərbaycan qazının ölkə üçün əhəmiyyəti
Qeyd etmək lazımdır ki, Şimali Makedoniya üçün Azərbaycan qazının tədarükü strateji əhəmiyyət kəsb edir - bu gün ölkə "mavi yanacağ"ı yalnız Rusiyadan idxal edir. Bundan əlavə, Rusiyadan gələn tədarüklər vaxtaşırı pozulur. Belə ki, bir müddət əvvəl Rusiya qazının Şimali Makedoniyaya tədarük edildiyi Bolqarıstan Rusiya Federasiyasından yanacağın tranzitinə vergi tətbiq etmək niyyətində olduğunu bildirmişdi.
Baş nazir Dimitar Kovacevski cavabında bildirib ki, Şimali Makedoniya Bolqarıstanın Rusiya qazına olan tranzit vergisini ləğv etmək üçün bütün qanuni vasitələrdən istifadə edəcək.
"Bolqarıstanın Rusiya qazının hər meqavat-saatına 10 avrodan çox tranzit vergisi qanunsuzdur" - Kovacevski bildirib.
"Bolqarıstan vergi tətbiq edərsə, Şimali Makedoniyada istehlakçılar üçün istilik və təbii qazın qiymətləri 20% artırılacaq" - o qeyd edib.
Bolqarıstan sonradan Rusiya qazının tranzit vergisini ləğv etdiyini bəyan etsə də, Makedoniya bazarına tədarükün diversifikasiyası məsələsi aktual olaraq qalır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.