BAKI, 20 fevral — Sputnik. Bakıda Azərbaycan və Sankt-Peterburq arasında İqtisadi və Humanitar Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və Sankt-Peterburq hökumətinin üzvü - Xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoryev arasında görüş keçirilib.
İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, tərəflər dost və qonşu olan ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, Rusiyanın regionları ilə, o cümlədən Sankt-Peterburqla işgüzar münasibətlər genişlənir. Azərbaycan və Sankt-Peterburq arasında İqtisadi və Humanitar Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya biznes dairələrinin səylərininin əlaqələndirilməsi, potensial əməkdaşlıq üçün imkanların dəyərləndirməsi baxımından səmərəli platformadır.
Bildirilib ki, ötən dövr ərzində turizm, təhsil, idman sahələrində əməkdaşlıqla bağlı mühüm işlər görülüb, bununla belə iqtisadi gündəliyin genişləndirilməsi üçün perspektivlər var. Tərəflər bu istiqamətdə fikir mübadiləsi aparıb, iqtisadi-ticarət, innovasiya, KOB, gəmiqayırma, kənd təsərrüfatı, humanitar, səhiyyə, turizm və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələlərini, Azərbaycan və Sankt-Peterburq arasında 2024-2028-ci illər üzrə ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq üzrə Yol Xəritəsini müzakirə ediblər.
Görüşdə həmçinin Azərbaycan və Sankt-Peterburq arasında Hökumətlərarası Komissiyanın növbəti iclasının cari ilin 2-ci rübündə Bakı şəhərində keçirilməsinə dair razılıq əldə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.