BAKI, 20 fevral - Sputnik. Sosial şəbəkədə Bakının Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli məktəbin şagirdlərinin öz məktəb yoldaşını bullinqə məruz qoyduğunu nümayiş etdirən video yayılıb.
Məktəbin şagirdi olduğu bildirilən Rzaguliyeva Dilarə Rza qızı məktəb yoldaşına qarşı etdiyi qısnayıcı hərəkətlərini videoya çəkdirərək sosial şəbəkədə paylaşıb. Həmin videolardan görünür ki, D.Rzaquliyeva məktəb yoldaşının alnına ədəbsiz söz yazır, onun başında yumurta qırır və saçlarını qayçı ilə kəsir.
156 nömrəli tam orta məktəbdən Sputnik Azərbaycan-a bildirilib ki, məktəbin XI sinif şagirdi yanvarın 17-də məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib.
Məktəb rəhbərliyi və psixoloq tərəfindən məktəbli qıza qarşı qısnayıcı hərəkətlər edib videoya çəkən şagird, eləcə də onun valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb.
Zorakılığa məruz qalan qızın valideyni isə qarşı tərəfin hərəkətləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi vəzifəsini icra edən Elşad Hacıyev bullinqə məruz qalan şagirdlə bağlı açıqlama yayıb.
“Yayılan məlum videogörüntülərdən məlumatlıyıq. Nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır” - E.Hacıyev sosial şəbəkə hesabında yazıb.