İQTİSADİYYAT

Azərbaycan ən çox neft məhsulunu İtaliyaya, qeyri-neft məhsulunu isə Rusiyaya göndərir

Keçən il Azərbaycanın 2022-ci illə müqayisədə idxalı 1,9 faiz artıb, ixracı isə 8,2 faiz azalıb.
Sputnik
BAKI, 20 fevral — Sputnik. Keçən il Azərbaycan 193 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıb, 121 ölkəyə məhsul ixrac olunub, 184 ölkədən idxal edilib.
Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a məlumat verilib ki, ötən il ölkənin xarici ticarət dövriyyəsi 44,8 milyard dollar təşkil edib. Ticarət dövriyyəsinin 27,5 milyard dollarını və ya 61,5 faizini ölkədən ixrac olunmuş məhsulların, 17,2 milyard dollarını (38,5 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə 10,2 milyard dollar müsbət saldo yaranıb.
2022-ci illə müqayisədə xarici ticarət dövriyyəsi real ifadədə 5,6 faiz azalıb. 2022-ci illə müqayisədə idxal 1,9 faiz artıb, ixrac isə 8,2 faiz azalıb.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin:
-30,6 faizi İtaliya,
-14,9 faizi Türkiyə,
-8,5 faizi Rusiya,
-6,1 faizi Çin,
-3,6 faizi Almaniya,
-hər biri 2,8 faiz olmaqla İsrail və Hindistan,
-2,7 faizi Yunanıstan,
-1,8 faizi ABŞ,
-hər biri 1,7 faiz olmaqla İspaniya və Gürcüstan,
-hər biri 1,5 faiz olmaqla Birləşmiş Krallıq, Türkmənistan və Çexiya,
-1,3 faizi Rumıniya,
-1,2 faizi Xorvatiya,
-hər biri 1 faiz olmaqla Fransa, Bolqarıstan və İran,
-hər biri 0,9 faiz olmaqla Vyetnam və Yaponiya,
-11 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
Qeyri-neft məhsulları ən çox Rusiyaya gedib
Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,3 faiz), Türkiyəyə (23,4 faiz), Gürcüstana (9,9 faiz), İsveçrəyə (5,2 faiz), Qazaxıstana (2,8 faiz), Türkmənistana (2,5 faiz), Ukraynaya (2,4 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (2,1 faiz), Qırğızıstana (1,8 faiz), Rumıniyaya (1,3 faiz), Özbəkistana (1,3 faiz), İtaliyaya (1,3 faiz), Latviyaya (1,2 faiz), Almaniyaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
İdxalı artan məhsullar hansılardır?
2022-ci illə müqayisədə keçən il
-unlu qənnadı məmulatları idxalı 9,7 faiz,
-şokolad və şokolad məhsulları 11,8 faiz,
-mal əti 72,5 faiz,
-təzə tərəvəz 6,9 faiz,
-siqaretlər 71,7 faiz,
-minik avtomobilləri 28,4 faiz,
-rezin şinlər 16,7 faiz,
-yük avtomobilləri 42,2 faiz,
-sintetik yuyucu vasitələr 9,6 faiz,
-mebellər 13,8 faiz,
-məişət soyuducuları 51,4 faiz artıb.
Xatırladaq ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən keçən il 66,6 milyard manatlıq sənaye məhsulu istehsal edilib, neft-qaz sektorunda məhsul istehsalı 2 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 8 faiz artıb.