BAKI, 20 fevral — Sputnik. Qeyri-ənənəvi oriyentasiyanın qabardılmasını vacib hesab etmirik. RİA Novosti xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Strateji Təşəbbüslər Agentliyinin “Yeni Zamanlar üçün Güclü İdeyalar” forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, böyüklər istədikləri kimi yaşaya bilərlər, lakin Rusiya ənənəvi dəyərləri rəhbər tutur.
“Biz qeyri-ənənəvi cinsi oriyentasiyaya malik insanlara qarşı kifayət qədər dözümlüyük. Biz sadəcə olaraq bunu qabartmırıq və bunun gözə soxulmasını düzgün hesab etmirik. Qoy hər kəs - böyüklər - istədiyi kimi yaşasınlar. Heç kim onları heç nə ilə məhdudlaşdırmır. Ancaq uşaqlara gəldikdə, mən artıq dəfələrlə demişəm: "Uşaqlara toxunmayın!" Bu qədər... Bu birincisi... İkincisi, biz, ilk növbədə, dövlət ənənəvi dəyərlərini rəhbər tuturuq” - Putin vurğulayıb.
Xatırladaq ki, ötən ilin iyulunda Rusiya Dövlət Dumasının plenar iclasında cinsin dəyişdirilməsini qadağan edən qanun üçüncü oxunuşda qəbul edilib.
Təşəbbüs Rusiya Federasiyasının Dövlət Dumasına may ayında spiker Vyaçeslav Volodinin başçılıq etdiyi bütün beş Duma fraksiyasının deputatları tərəfindən təqdim edilib. Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy qeyd edib ki, təxminən 400 parlamentari təşəbbüsün müəllifləri olub.
Bundan əvvəl Ailə Məsələləri, Analıq və Uşaqlığın Mühafizəsi üzrə Patriarxal Komissiya cinsiyyətin dəyişdirilməsinə icazə verilən ölkələrdə övladlığa götürülən və ya vətəndaşların qəyyumluğunda olan rusiyalı uşaqların hüquqi müdafiəsinə çağırıb.
Dövlət Dumasının spikeri Volodin qeyd edib ki, iyulda Dövlət Duması cinsiyyətin dəyişdirilməsinə qadağa qoyulması barədə qərar verəcək. Dumanın plenar iclaslarından birində spiker vurğulayıb ki, bu hallarda hətta əməliyyatdan söhbət gedə bilməz.
Volodin qeyd edib ki, özəl klinikaların 30-60 min rubla sənədlərdə cinsi dəyişdirməyə imkan verən sertifikatlar verməsi qəbuledilməzdir.
Dövlət Dumasının spikeri xatırladıb ki, üç il əvvəl Rusiya Federasiyası vətəndaşları "kişi və qadının birliyi kimi nikah institutunu" qoruyan qanuna səs veriblər. O, həmçinin qeyd edib ki, bir il əvvəl qeyri-ənənəvi cinsi münasibətlərin, LGBT və pedofiliyanın təbliğatını qadağan edən qanunlar qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.