BAKI, 19 fevral — Sputnik. Salyanın Qaraçala kəndində 10-cu övladı dünyaya gələn Abdullayevlər ailəsində maddi sıxıntı səbəbindən təhsildən kənar qalan digər dörd uşaq bu gün məktəbə gedib. Bu barədə Sputnik Azərbaycan-a ailə başçısı Əflan Abdullayev məlumat verib.
O, bildirib ki, Sputnik Azərbaycan məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsinə müraciət etdikdən sonra İdarənin nümayəndələri onların evlərinə gələrək ailənin məktəb yaşlı uşaqlarının hansı səbəbdən təhsildən kənar qalması ilə maraqlanıb. Bundan sonra İdarədən Abdullayevlər ailəsinə bildiriblər ki, imkanlı şəxs təhsildən kənar qalan uşaqları geyimlə təmin etməyi üzərinə götürüb.
“Həmin şəxs adının çəkilməsini istəməyib. Uşaqlara məktəb forması, ayaqqabı, qış geyimləri alıb göndərib. Bircə qalıb uşaqların məktəb ləvazimatları, onu da Şirvandan göndərəcəklərini deyiblər. Həmin şəxsə ailəmizə dəstək olduğu üçün, Sputnik Azərbaycan-a problemlərimizi ictimailəşdirdiyi üçün təşəkkür edirəm. Sağ olsun, deputatımız Fəzail Ağamalı da problemimizlə maraqlandı. Bircə qalıb mənim işlə təmin olunmağım ki, ünvanlı dövlət sosial yardımı ala bilim. Aidiyyatı qurumlar bu məsələdə də dəstək olsalar, onlara minnətdar olaram” - Əflan Abdullayev bildirib.
Bununla da onuşaqlı Abdullayevlər ailəsinin beş məktəb yaşlı uşağı artıq dərsə gedir.
Xatırladaq ki, maddi imkansızlıq səbəbindən çoxuşaqlı ailənin beş məktəb yaşlı uşağının dördü təhsildən kənar qalmışdı. Bu günlərdə Abdullayevlər ailəsinin 10-cu övladı dünyaya gəlib. Sonuncu övlad 7 fevralda keçirilən prezident seçkilərindən sonra anadan olub. Ona görə ailə uşağa qalib prezidentin, Ali Baş komandanın şərəfinə İlham adı verib.
16.02.24, 10:00
Salyanda 10-cu övladı dünyaya gələn ailə yardım gözləyir
"İşıq üçün ödəməyə, uşağa yemək almağa pulumuz yoxdur. Özüm isə işləmirəm".
Bu günlərdə Salyanın Qaraçala kəndində 10-cu övladı dünyaya gələn Abdullayevlər ailəsinin maddi sıxıntısı davam edir. Ailəyə indiyədək ünvanlı dövlət sosial yardımı təyin olunmayıb. Bu barədə Sputnik Azərbaycan-a ailə başçısı Əflan Abdullayev bildirib. O deyib ki, özü fəhlə işləyir. Amma elə vaxt olur ki, günlərlə iş olmadığından evinə çörəkpulu apara bilmir. Ə.Abdullayev bildirib ki, hazırda beş məktəbyaşlı uşağından yalnız biri məktəbə gedir. Buna da səbəb ailənin maddi durumunun aşağı olmasıdır.
"Uşaq məktəbə gedirsə, ona geyim, ayaqqabı, çanta, dəftər-qələm lazımdır. Mən beş uşağa məktəb ləvazimatlarını, geyimi ala bilmirəm. Ona görə də, hələki uşaqlardan birini göndərirəm məktəbə. Sosial yardımın verilməsini isə ötən ilin mart ayından dayandırıblar. Sosial yardım verilsəydi uşaqlara qış geyimi alıb məktəbə göndərərdim. Yardım alanda yenə iki uşağı dərsə göndərə bilirdik. Bizim əsas istəyimiz odur ki, sosial yardım versinlər" - Ə.Abdullayev bildirib.
Salyanda 10 uşaqlı ailə
© Sputnik / Zullfiye Guluyeva
O deyib ki, yaşayış şəraitləri də ağırdır.
Ailə başçısı deyir ki, ən böyük övladı 14 yaşındadır: "Övladırımın arasında yaş fərqi çox deyil. Uşaqlardan 6-sı qız, 4-ü isə oğlandır. Qızların adı, Əsmər, Ülkər, Zeynəb, Zəhra, Rüqəyya və Humaydır. Oğlanların adı isə, biri atamın adıdır - Əziz, digər ikisi Azərbaycan igid, mərd qəhrəmanlarının, şəhidlərimizin adıdır - Mübariz və Polad. Sonuncu övladım isə prezident seçkilərindən sonra anadan oldu. Ona da qalib liderimizin, Ali Baş komandanımızın adını - İlham adını vermişəm".
Ə.Abdullayev hazırda ailənin 945 manat müavinət aldığını bildirdi.
Məsələ ilə bağlı Salyan Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz uğursuz oldu.
Salyan rayonunun deputatı Fəzail Ağamalı Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, sözügedən ailə ilə bağlı artıq köməkçisinə tapşırıq verib. Ailəyə sosial yardım alması üçün müəyyən sənədlər təqdim etməli olduğu bildirilib.
"Ailənin sosial vəziyyəti diqqətimizdədir. Çoxuşaqlı ailələrin güzəranın yaxşılaşdırılması üçün cənab prezidentimiz tərəfindən müvafiq sərəncamlar verilib. Bu ailəyə də min manata yaxın müavinət ödənilir. Amma ailə başçısı da gərək işləyə ki, ünvanlı dövlət sosial yardımı ala bilsin" - deputat bildirib.
Sputnik Azərbaycan-ın sorğusuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilmiş cavabda isə bildirilir ki, yeni doğulan 10-cu övladına uşağın şəxsiyyətini təsdiq edən sənəd aldıqdan sonra ailənin müavinəti 105 manat da artırılaraq 1050 manata çatdırılacaq.
Ailəyə 2022-ci ilin iyul ayından hər ay 835,58 manat ünvanlı sosial yardım da ödənilib.
Lakin 2023-cü ilin aprel ayında ailə üzvlərinin sayında, yəni ailə tərkibində dəyişiklik olması səbəbindən yardım dayandırılıb.
Çünki həmin dövrdə qanunvericiliyin tələbinə görə, ailə tərkibində dəyişiklik olduqda yardım dayandırılırdı və ailə sosial yardım hüququna baxılması üçün təkrar müraciət etməli idi. Sonralar qanunvericilikdə dəyişiklik edilib və artıq ailə tərkibində dəyişiklik olduqda yardım dayandırılmır.
2023-cü ilin avqust ayında Əflan Abdullayev ailəsinə yenidən ünvanlı sosial yardım təyin edilməsi üçün müraciət etsə də, onun aktiv VÖEN sahibi olmasına baxmayaraq dövrü olaraq müvafiq ödənişləri etməməsi səbəbindən yardım təyin edilməyib.
Onunla əlaqə yaradılıb. Məlum olub ki, Əflan Abdullayev artıq VÖEN-lə bağlı ödənişlərini həyata keçirib.
Yeni doğulan 10-cu övladına uşağın şəxsiyyətini təsdiq edən sənəd aldıqdan sonra ünvanlı sosial yardımla bağlı təkrar müraciət edəcək" - nazirliyin açıqlamasında deyilir.
Şirvan-Salyan Regional Təhsil İdarəsindən Sputnik Azərbaycan-a bildirilib ki, məktəb yaşlı uşaqların məktəbə hansı səbəbdən göndərilməməsi araşdırılır, valideyn idarəyə dəvət olunub.
Salyanda 10-cu övladı dünyaya gələn Əflan Abdullayevin məktəbyaşlı uşaqları təhsilə cəlb olunacaq. Bu barədə Əflan Abdullayev Sputnik Azərbaycan-a bildirib ki, Şirvan-Salyan Regional Təhsil İdarəsindən nümayəndə gələrək onlara bildirib ki, uşaqlar geyim və məktəb ləvazimatları ilə təmin olunacaqlar.