RUSİYA

Rusiyanın İstanbul konsulu Türkiyənin Fələstinlə bağlı planını şərh edib

Konsulun sözlərinə görə, Moskvanın prinsipial mövqeyi Qəzza zolağında atəşkəsin təmin edilməsinə və humanitar yardımın çatdırılmasına yönəlmiş addımları dəstəkləməkdir.
Sputnik
BAKI, 19 fevral — Sputnik. Rusiya İsrail və Fələstin arasında atəşkəsin təmin edilməsi üçün Türkiyənin təklif etdiyi qarant mexanizminin iclaslarında iştirak etməyə hazırdır. Bunu Rusiyanın İstanbuldakı baş konsulu Andrey Buravov bildirib.
Türkiyənin Qəzza zolağındakı vəziyyəti həll etmək planı 11 bənddən ibarətdir və dərhal atəşkəs tələbini ehtiva edir. Plan BMT Təhlükəsizlik Şurasının bütün beş üzvünə təqdim olunub.
Ankara qeyd edir ki, münaqişə həll edildikdən sonra təhlükəsizliyi təmin etmək üçün qarant ölkələr mexanizmindən istifadə oluna bilər.
Konsulun sözlərinə görə, Moskvanın prinsipial mövqeyi Qəzza zolağında atəşkəsin təmin edilməsinə və humanitar yardımın çatdırılmasına yönəlmiş addımları dəstəkləməkdir.
"Ankaranın təklif etdiyi qarant mexanizminə gəlincə, biz müxtəlif formatlarda münaqişənin həllinə töhfə verəcək görüşlərdə iştirak etməyə hazırıq", - Buravov vurğulayıb.
Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və döyüş mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən edib, lakin yalnız İsrail dövləti yaradılıb.