BAKI, 19 fevral — Sputnik. NATO-nun hərbi komitəsinin rəhbəri admiral Rob Bauer etiraf edib ki, ötən il Qərb ölkələri Ukrayna qoşunlarına həddən artıq optimist yanaşıblar.
Bu barədə "Financial Times" qəzeti xəbər verib.
"NATO-nun hərbi rəhbəri admiral Rob Bauer etiraf edib ki, Qərb "2023-cü ildə müharibə ilə bağlı çox nikbin olub" və inanıb ki, "ukraynalılara lazım olan sursat və təlimi versək, onlar qalib gələcəklər" – qəzetdə belə yazılıb.
Onun sözlərinə görə, bu il "Ukraynanın hələ də suveren dövlət olması" faktı diqqətəlayiq olduğu üçün çox pessimist olmamağa çalışmalıyıq.
Rusiya daha əvvəl Ukraynaya silah tədarükü ilə bağlı NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, içində Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayırlar". Kreml bəyan edib ki, Ukraynanı Qərbdən silahlarla doldurmaq Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək. Lavrov, həmçinin bəyan edib ki, ABŞ və NATO Ukraynadakı münaqişədə təkcə silah tədarükü ilə deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadr hazırlığı ilə birbaşa iştirak edir.