SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əliyev və Ərdoğan Ankarada mühüm mesajlar verdilər: Türk dünyası iyulda Şuşada toplanır

Ərdoğan deyib ki, Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanması bölgəmizdə sabitlik üçün ümid mənbəyi olacaq.
Sputnik
BAKI, 19 fevral - Sputnik. Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib.
Bu sözləri Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında bildirib.
Dövlət başçısı qeyd edib ki, hər dəfə olduğu kimi, bu dəfə də prezident seçkilərindən sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə edib.
"İşbirliyimizin önəmli istiqaməti hərbi sahədə işbirliyidir. Bizim ordularımız bir yumruq anlamına gəlir" - Əliyev deyib.
"İkinci Qarabağ savaşı və 5 ay əvvəl keçirdiyimiz antiterror tədbirləri bir daha onu göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub” - dövlət başçısı bildirib.
Əliyevin sözlərinə görə, bu gün təbii ki, müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb:
"Bu barədə də geniş müzakirələr aparıldı, ortaq istehsalla bağlı konkret planlarımız var. Bu planlar gerçəkləşdikdə insanlar da, ictimaiyyət də bundan xəbərdar olacaq.
"Qarabağda keçirilmiş antiterror əməliyyatı Azərbaycanın suverenliyini tam təsdiqlədi" - deyən dövlət başçısı xatırladıb ki, artıq Azərbaycan ərazisində separatçı qüvvələrə yer yoxdur və bundan sonra heç vaxt olmayacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində qeyd edib ki, Ermənistanla davamlı sülhün imzalanması üçün Azərbaycanla birlikdə hərəkət edirlər:
"Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmizdə və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik".
Ərdoğan həmçinin qeyd edib ki, Türk Dövlətləri Təşkilatının növbədənkənar Zirvə toplantısı iyul ayında Şuşada keçiriləcək.
“Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da güclənməsi üçün fəaliyyətimizi davam etdiririk. Təşkilatımızın növbədənkənar Zirvə Toplantısının iyul ayında Türk dünyasının mədəniyyət paytaxtlarından olan Şuşada keçirilməsindən məmnunluq hissi keçirdiyimi xüsusi qeyd etmək istəyirəm” - Türkiyə prezidenti bildirib.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Ankarada Azərbaycanla Türkiyə arasında mühüm sənədlər imzalanıb - VİDEO