BAKI, 21 dekabr — Sputnik. Energetika naziri Pərviz Şahbazov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.
Nazirlikdən verilən xəbərə görə, səfər çərçivəsində ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi layihələr və digər mövzular ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.
Həmçinin nazir bir sıra görüşlər də keçirməyi planlaşdırır.
21.12.23
Azərbaycanın 2030-cu ilədək təmiz ətraf mühitə və "yaşıl artım"a, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl enerji zonaları kimi inkişafına nail olması, yaşıl enerjinin təchizatçısına çevrilməyi hədəfləyən strategiyası Azərbaycan-Türkiyə enerji əməkdaşlığının bu yeni istiqamətdə inkişafını təşviq edir.
Bunu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan-Türkiyə İnvestisiya Forumu"nun panel çıxışı zamanı energetika naziri Pərviz Şahbazov deyib.
"Bu ilin sentyabrında Azərbaycanda və Türkiyədə bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsinə dair əməkdaşlıq sənədinin imzalanması mərasimində hər iki dövlət başçısının iştirakı da göstərir ki, ölkələrimiz yeni strateji kursun birgə həyata keçirilməsində qərarlıdırlar və onların siyasi iradəsi bu prosesdə də həlledicidir", - nazir qeyd edib.
Onun sözlərinə görə, Türkiyə ilə yaşıl enerjinin istehsalı və ixracı üzrə əməkdaşlığa artıq başlanılıb. Növbəti illərdə 10 QVt-dək "yaşıl enerji" güclərinin yaradılması və bunun 5 QVt-nın müxtəlif marşrutlarla ixracı ilə bağlı planlarımızda Türkiyə əsas tərəfdaşlarımızdandır. Türkiyə ilə yaşıl enerji tərəfdaşlığımızın əsas ağırlıq mərkəzləri Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur kimi geostrateji əhəmiyyətli bölgələrimizdir.
Pərviz Şahbazov qeyd edib ki, Türkiyənin "Baltech" şirkəti ilə Naxçıvanda 50 MVt gücündə günəş, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında isə 200 MVt gücündə külək elektrik stansiyaları layihələri üzrə əməkdaşlığımız bunun bariz göstəricisidir:
"Baltech" şirkəti ilə əməkdaşlıq təkcə yaşıl enerjinin istehsalı ilə məhdudlaşmır, eyni zamanda bu enerjinin Türkiyəyə ötürülməsi, şəbəkəyə inteqrasiyası kimi istiqamətləri əhatə edir.
"Bununla yanaşı, Naxçıvanda beynəlxalq enerji şirkətləri ilə yaşıl enerji layihələri üzrə əməkdaşlıq edilir ki, burada da diqqət istehsal olunacaq enerjinin əsasən Türkiyə istiqamətində ixracına yönəlib. Bütün bunlar Naxçıvanın 4 illik inkişafı üzrə Azərbaycan Prezidentinin müəllifi olduğu dövlət proqramının yaşıl mənbələrə əsaslanan elektrik enerjisinin istehsalı və ixracının artırılması kimi məsələlərdə Türkiyə ilə əməkdaşlığı vurğulayan müddəaları ilə üst-üstə düşür", - deyə nazir əlavə edib.
Pərviz Şahbazov onu da vurğulayıb ki, Naxçıvandan 1000 MVt-dan çox enerjinin Türkiyə və Avropaya ixracı strateji hədəfinə uyğun olaraq Azərbaycan - Türkiyə - Avropa enerji dəhlizinin yaradılması əsas prioritetlərdən biridir.