BAKI, 17 fevral — Sputnik. Nikol Paşinyan Azərbaycanı müharibəyə başlamağa hazırlıqda ittiham edib. Azərbaycan XİN isə Ermənistan Baş nazirinə cavabında bildirib ki, Nikol Paşinyanın fevralın 15-də hökumətin iclasında növbəti dəfə səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaratmaq məqsədi daşıyır.
Son günlər bölgədə hərbi gərginliyin olduğu bir məqamda Ermənistan XİN açıqlama verərək bildirib ki, Azərbaycanla delimitasiya və demarkasiya prosesini sürətləndirmək istəyirlər.
Politoloq Tofiq Abbasov deyir ki, delimitasiya prosesinin ləngiməsinin əsas səbəbkarı Ermənistandır:
"Ermənilər ictimai bəyanatlarda çox canfəşanlıq etsələr də, real müstəvidə hər zaman geri addım atırlar. Bu da Ermənistanın özbaşına qəbul etdiyi qərar deyil. Ermənistan asılı ölkədir. Biz görürük ki, xarici qüvvələr onları sülh prosesindən, sabitlikdən uzaqlaşdırmağa çalışırlar".
Politoloq qeyd edir ki, Cənubi Qafqazda qeyri-sabitliyin olması, xarici qüvvələrin maraqlarına xidmət edir:
"Xüsusən də Fransa, ABŞ Ermənistandan alət kimi istifadə edərək sabitləşdişirici prosesin qarşısını alırlar. Onlar Azərbaycanı ityiham etmək üçün bəhanə axtarırlar. Bu gün Ermənistan delimitasiya prosesindən uzaq durmaqla özü üçün problem yaradır. Çünki Azərbaycan lideri bildirib ki, demarkasiya ilə bağlı çox aydın təkliflər irəli sürülüb. Azərbaycan sərhədlərin konturlarının çəkilməsinə tərəfdardır. Sonra onlar dedilər ki, prosesdə Rusiya da iştirak etsin. Rusiya da prosesin bir parçasına çevrilən kimi yenə geri çəkildilər. Bu məsədə qeyrimüəyyənlik şəraiti Ermənistandan çox onun havadarlarına lazımdır. Bir neçə gün əvvəl törədilmiş təxribatın təşkilatçıları elə onun havadarları idi. Ancaq peşmanlığı sonda Ermənistan özü yaşayacaq".
Millət vəkili Fazil Mustafa bildirir ki, sərhədlərin dəqiq müəyyən edilməsi hazırkı məqamda labüddür:
"Buna baxmayaraq tərəflər arasında müəyyən ziddiyətlər qalmaqdadır. Ermənistan mövcud şəraitdə hər şeyin tez başa çatmasına çalışır. Azərbaycan isə dəqiqləşmələrin aparılmasını tələb edir. Çünki sonradan sərhədlərin müzakirə predmetinə çevrilməsini istəmirik. Prosesin uzadılması Ermənistanın özünün maraqlarının ziyanınadır. Əsas bizim anklavlarla bağlı dəqiq razılaşma olmalıdır".
"Əslində isə Ermənistanın problem özbaşına hərəkət edə bilməməsidir. Bu məsələ ilə bağlı xarici güclərlə məsləhəşərək onların göstərdiyi yol xəritəsi ilə getməyə çalışırlar və bu Azərbaycanın maraqlarına uyğun gəlmir. Azərbaycan birbaşa, vasitəçilərsiz danışıqların tərəfdarıdır. Ermənistan isə bütün vasitələrlə digər tərəfləri prosesə cəlb etməyə çalışır və bu da ümumi prosesi ləngidir" – Fazil Mustafa deyib