BAKI, 17 fevral - Sputnik. Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İraq Kürdüstan Regionunun Başçısı Neçirvan Bərzaninin görüşü olub. Bu barədə Azərtac xəbər yayıb.
Görüş əsnasında Neçirvan Bərzani dövlətimizin başçısına prezident seçilməsi münasibətilə təbriklərini çatdırıb.
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib, ondan da səmimi təbrik məktubu almasını məmnunluqla qeyd edib.
İraq Kürdüstan Regionunun Başçısı Azərbaycana səfərini və dövlətimizin başçısı ilə keçirdiyi görüşləri məmnuniyyətlə xatırladıb. Səfər zamanı müzakirə olunmuş məsələlərin həyata keçirilməsi istiqamətində hər iki tərəfin nümayəndələrinin yaxından çalışdıqları vurğulanıb.
Həmçinin İraqın mərkəzi hökuməti ilə Azərbaycan arasında əlaqələr məmnunluqla qeyd olunub.
Söhbət əsnasında İraqın müxtəlif şəhərləri ilə Azərbaycan arasında birbaşa uçuşların olmasının önəmi qeyd edilib. Regionla Azərbaycan arasında iqtisadi-ticari, mədəni-humanitar əlaqələrin inkişaf etdirilməsi istiqamətində məsələlər nəzərdən keçirilib.
Neçirvan Bərzani COP29-un Azərbaycanda keçirilməsi münasibətilə də təbriklərini çatdırıb.
Dövlətimizin başçısı İraq Kürdüstan Regionunun Başçısını COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət edib.
Söhbət zamanı iqlim dəyişikliyi istiqamətində də birgə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.