TƏHLİL

Yeni dövrün reallıqları: Ekspertlər prezidentin mesajlarını şərh edir

Milli vəkili Arzu Nağıyev deyir ki, Prezident İlham Əliyev yeni dövr üçün yol xəritəsini təqdim edib.
Sputnik
BAKI, 16 fevral — Sputnik. Fevralın 14-də Prezident İlham Əliyevin andiçmə mərasimi keçirildi. Prezidentin inauqurasiya mərasimindəki çıxışı həm daxili, həm xarici auditoriya üçün mesajlarla zəngin idi.
Politoloq Natiq Miri bildirib ki, Azərbaycan xarici siyasətində ciddi bir dəyişiklik olmayacağına işarə edib:
"Prezident Azərbaycanın bundan sonra da müxtəlif güc mərkəzlərinə istiqamətlənmiş siyasət yürütməyəcək və balanslı siyasəti davam etdirəcək. Bununla belə balans yaratmaq xatirinə hansısa güc mərkəzinin Azərbaycana qarşı siyasətinə göz yumulmayacaq. Avropa Şurası Parlament Assambleyasının Azərbaycan yöənlik qeyri-qanuni və ədalətsiz davranışları ortadadır. Belə bir şəraitdə Azərbaycan bizi yenidən ora qayıtmaqla bağlı müzakirələrə başlamaq niyyətində deyil. Azərbaycanın inteqrasiya edə biləcəyi yeganə mərkəz özüdür, yəni, Türk Dövlətlər Birliyidir. Ona görə də Azərbaycan prezidenti türk birliyini bir ailə adlandırdı. Bu gün Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə interqrasiya oluna biləcəyi yeganə mərkəz Türk Dövlətlər Birliyi ilə bağlıdır".
Politoloq bunu doğru siyasət hesab edir və bunu həllini tapmış Qarabağ probleminə yanaşma ilə əsaslandırıb.
O qeyd edib ki, bu prosesdə 30 il ərzində vasitəçi olmaq istəyən güc mərkəzlərinin geosiyasi maraqları problemin həllinə mane olurdu: "Balanslı siyasət davam edəcək, ancaq öz milli maraqları öndə olacaq. Azərbaycan prezidentinin dediyi ki, xarici siyasət daxili siyasətin davamıdır. Azərbaycan bütün dünya ilə barışmadan öncə özü ilə barışmalıdır. Hər bir Azərbaycan vətəndaşı dövlət tərəfindən qucaqlanmalıdır. Bu da o deməkdir ki, ədalət prinsipi bərqərar olmalıdır. Bundan sonra bunu bütün dünyaya nümayiş etdirmək olar. Bu böyük bir missiyadır, ancaq Qarabağ qələbəsindən sonra yeni bir mərhələ başlayıb. Yeni dövrün siyasəti qələbəni gələcəyə daşımaqdan ibarət olmalıdır".
Natiq Miri hesab edir ki, sülh prosesi ilə bağlı Azərbaycanın məntiqi addımları davam edəcək, çünki Ermənistandan fərqli olaraq Azərbaycan tərəfində bu məsələ ilə bağlı pərakəndəlik mövcud deyil: "Sülh sazişini imzalamaq Ermənistan hakimiyyətinin siyasi iradəsindən asılı olacaq. Bu gün beynəlxalq təminatlar məfhumu boş xülyadan başqa bir şey deyil. Burada əsas hüquqi təminatdır və Azərbaycanın istəyi budur. Sabah Nikol Paşinyanın hakimiyyəti dəyişsə, sülh müqaviləsi zibil qabına atılacaq. Bu baxımdan hüquqi təminata ehtiyac var Azərbaycan prezidenti Ermənistan qanunvericiliyində müəyyən dəyişikliklərin edilməsinin zəruriliyindən danışdı. Bu başqa bir ölkənin işinə qarışmaq deyil, sülh müqaviləsini, gələcək sülh perspektivlərini zəmanət altına almaq deməkdir".
Millət vəkili Arzu Nağıyev deyir ki, Prezident İlham Əliyev yeni dövr üçün yol xəritəsini təqdim etdi:
"Əsas məsələ odur ki, burada bütün aspektlər nəzərə alındı. Azərbaycan prezidenti hər zaman vətəndaşların rifahını üstün tutub və bu istiqamətdə də həmin məqamlara toxunuldu. Təbii ki, ərazi bütövlüyümüz və ona təhdidlərin qarşısının alınması ilə bağlı əsas məsələ ordu quruculuğudur. Ordu quruculuğunun inkişaf etdirilməsi, hərbi sənaye kompleksinin inkişafı məsələsi ən mühüm addımlar sırasında olacağı gözlənilir. Bu gün Ermənistanla sülh sazişinin imzalanması üçün atılan addımlar gündəliyin əsasını təşkil edir".
Arzu Nağıyev
Millət vəkili qeyd edir ki, artan təhlükələr fonunda Azərbaycan ordusunun kadr potensialının gücləndirilməsinə ehtiyac var: "Hərbi sənaye kompleksində məsələ təkcə silah almaq deyil, yerli silah sənayesinin inkişaf etdirilməsi və onun beynəlxalq bazara çıxarılması olmalıdır. Azərbaycan ordusu döyüşə-döyüşə təkmilləşən ordudur. Bu baxımdan Azərbaycan ordusunun gücü ilə razılaşırlar. Azərbaycan müharibə qaydalarına riayət edərək əməliyyatların aparılmasını bütün dünyaya göstərib".
Arzu Nağıyev hesab edir ki, prezidentin siyasi mesajları beynəlxalq müstəvidə də ciddi şəkildə tədqiq olunur: "Çünki bu gün Azərbaycan həm regional, həm qlobal müstəvidə hesablaşılan bir tərəfdaşdır. Müxtəlif bəhanələrlə Azərbaycana siyasi diqtə etmək istəyənlər də əməkdaşlıq imkanlarını itirməmək üçün mövcud reallıqlarla barışmalıdırlar".