BAKI, 16 fevral — Sputnik. 2023-2024-cü tədris ilinin ikinci semestri üçün təhsil tələbə kreditinə (TTK) qeydiyyat başlanıb. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Tələbə krediti Fondundan məlumat verilib. Bildirilib ki, təhsil krediti almaq istəyən tələbələr öncədən aldıqları notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi ilə fonda elektron müraciət edə bilər.
Birinci semestr üçün alınan notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi ikinci semestr üçün də keçərlidir. Tədris ilinin son gününədək müraciətlər qəbul edilir.
Qeyd edək ki, təhsil tələbə krediti Azərbaycan manatı ilə verilir, bu zaman hər hansı girov və zaminlik tələb olunmur. Həmçinin borcalan ölüm və əlillik hallarından sığortalanır.
Bu kreditdən tədrisə tam cəlb olunaraq təhsil müəssisələrində əyani oxuyan, öz vəsaiti hesabına ödənişli təhsil alan tələbələr yararlana bilərlər. Fonda müraciət etmiş, lakin təhsil tələbə krediti almaq istədiyi semestrdən əvvəlki semestr üçün akademik borcu olan tələbələr TTK götürə bilməz. Bu məhdudiyyət daha əvvəlki semestrlərdə yaranmış akademik borcu olanlara şamil edilmir.
Fondun ayırdığı təhsil tələbə kreditinin üzərinə 2,5 faiz sığorta haqqı əlavə olunur. Bu zaman tələbənin ölüm və əmək qabiliyyətini itirmə halı olduqda kredit borcu bağlanılır.