BAKI, 16 fevral - Sputnik. Ölkəmizdə su təchizatı və suya olan tələbat, yaxud ehtiyaca dair proqnozlar təəssüf ki, o qədər də pozitiv deyil. Çünki qarşıdakı illərdə su qıtlığı ilə üzləşə bilərik.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib.
Deputat bildirib ki, bu, obyektiv bir prosesdir və bütün dünyada izlənən tendensiyadır:
"Azərbaycanın da inkişafda olan ölkə və bu dünyanın bir parçası olaraq suya tələbatı getdikcə artmaqdadır. Birincisi, əhalimizin sayı sürətlə çoxalır. İkincisi iqtisadiyyat böyüyür, istehsal sahələri genişlənir. Bu, həm içməli, həm də texniki suya olan ehtiyacı dəfələrlə artırır. Hökumətin bu problemin çözülməsi ilə bağlı həyata keçirəcəyi tədbirlər təbii ki, mövcuddur. Mən bu kontekstdə təklif edərdim ki, misal üçün, dəniz suyunun təmizlənməsi, yaxud çay sularının filtrasiyasi (hansı ki, bu gün dünyada uğurla sınaqdan keçirilir - red.) prosesi sahəsində özəl sektorun iştirakına şərait yaradılsın. Düşünürəm ki, bu, həm dövlətə, dövlət yükünün azaldılmasına kömək edər, həm də prosesin sürətlənməsinə şərait yaradar".
O bildirib ki, bu il ölkəmizdə olduqca mötəbər tədbir - COP29 keçiriləcək. Bu tədbirlə bağlı Azərbaycana yüzlərlə rəsmi qonaq, onlarla dövlət və hökumət rəhbərləri təşrif buyuracaq. Azərbaycanıln da ekologiyanın bərpası və qorunması, bu müstəvidə ekoloji cəhətdən təmiz enerjinin istehsalı, bu sektora keçid mövzularında deyəcəyi, nümayiş etdirəcəyi çox şey var. Hətta bu tədbirə ev sahibliyi edəcəyi məlum olmadığı vaxtda belə Azərbaycan yaşıllığın bərpası istiqamətində miqyaslı işlər görüb:
"Bu gün bizim Qarabağda və Şərqi Zəngəzurda Ermənistanın törətdiyi ekosid nəticəsində məhv edilmiş meşə təsərrüfatının bərpası istiqamətində gördüyümüz və görəcəyimiz işlər bunun əyani sübutudur. Bu baxımdan, diqqətinizi ölkəyə idxal edilən ağaclar mövzusuna yönəltmək istəyirəm. Biz bu sahədə çalışan iş adamları və şirkətlərin vergi yükünü azalda bilərik. Fikrimcə, əgər gətirilən yaşıllıq ekologiyaya xidmət edirsə, burada biz vergidən azad etmə, yaxud verginin azaldılması kimi məsələlər ətrafında fikir mübadiləsi apara bilərik".
Deputat qeyd edib ki, daha bir vacib məqam havaya karbon qazının ixracı ilə bağlıdır: "Həyata keçirilən mütərəqqi tədbirlər fonunda istehsal prosesində karbon qazının havaya ixracı məsələsi diqqətimizdən qaçmamalıdır və bu istiqamətdə işin daha müasir, ekologiyaya az ziyan vuran formatda təşkilinə nail olmaq üçün karbonun ixracına səbəb olan istehsal sektorunda verginin artımına gedə bilərik. Bu, olduqca vacib məsələdir, gələcək nəsillərin sağlam yaşayışı, o cümlədən, ölkəmizin reputasiyası baxımından önəmlidir. Əgər müvafiq tədbirlər görülsə, bu, həmin sferada çalışan müəssisələrin məsuliyyət faktoruna ciddi təsir göstərə bilər".
Allahverdiyev əlavə edib ki, əgər biz bu gün yaşıl enerjini təşviq ediriksə, bu, qarşıdakı illərdə bizim əsas ixrac istiqamətlərimizdən biri olacaqsa, ekoloji cəhətdən təmiz enerjidən istifadə edən şirkət və müəssisələrin vergi yükünün azaldılması yönündə dəyişikliklər edilməlidir.
“Qlobal su resursları uğrunda ciddi mübarizə gedir"
Deputat Elşad Mirbəşir də deyib ki, Azərbaycanda tələb olunan su resurslarının miqdarının təxminən 7-8 dəfə çox olmasına baxmayaraq, ölkəmiz su qıtlığı ilə üzləşmə riski olan dövlətlər sırasında 18-ci yerdədir. Belə ölkələrin sayı 33-dür.
Deputat bildirib ki, su itkilərinin qarşısının alınması haqqında xüsusi düşünmək lazımdır:
"Bu gün obrazlı desək, "su müharibələri"nin başlanması ehtimalı böyükdür. Bəlkə də belə müharibələr və münaqişələr baş verir. Bu gün qlobal müstəvidə su resursları uğrunda ciddi mübarizə gedir".