BAKI, 15 fevral — Sputnik. Prezident İlham Əliyev "Aviasiya Haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar ehtiyaclarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyən edir.
Prezident İlham Əliyevin "Aviasiya haqqında" qanunun tətbiqi barədə fərmanında göstərilib ki, Nazirlər Kabineti hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair dövlət proqramı ilə bağlı təkliflərini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Fərmana əsasən, aerodromyanı ərazi hüdudlarında torpaq sahəsinin və daşınmaz əmlakın istifadəsinə, həmçinin həmin ərazidə iqtisadi və digər fəaliyyətin həyata keçirilməsinə uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarətin həyata keçirilməsi qaydası hazırlanacaq. Nazirlər Kabineti 9 ay müddətində aerodromyanı ərazi hüdudlarında torpaq sahəsinin və daşınmaz əmlakın istifadəsinə, həmçinin həmin ərazidə iqtisadi və digər fəaliyyətin həyata keçirilməsinə uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarətin həyata keçirilməsi qaydasını hazırlamalıdır. O cümlədən digər dövlətdə qeydiyyatda olan mülki hava gəmilərinin uçuşa və istismara yararlılığının təmin edilməsi, uçuş heyətinə və uçuş sənədlərinə dair tələblərin həyata keçirilməsi qaydası hazırlanacaq.
Bununla bağlı da Nazirlər Kabineti 9 ay müddətində digər dövlətdə qeydiyyatda olan mülki hava gəmilərinin uçuşa və istismara yararlılığının təmin edilməsi, uçuş heyətinə və uçuş sənədlərinə dair tələblərin həyata keçirilməsi qaydasını hazırlamalıdır.
Fərmanda qeyd olunub ki, uçuş qaydalarını pozan hava gəmisi yerə endirildikdən və pozuntunun səbəbləri aydınlaşdırıldıqdan sonra uçuşun davamına icazə verilməsi qaydası müəyyənləşəcək. Nazirlər Kabineti 9 ay müddətində uçuş qaydalarını pozan hava gəmisi yerə endirildikdən və pozuntunun səbəbləri aydınlaşdırıldıqdan sonra uçuşun davamına icazə verilməsi qaydasını hazırlamalıdır.