RUSİYA

Rusiyada Azərbaycan dilini öyrənmək istəyənlərin sayı artır

"YouDo"nun məlumatına görə, rusiyalılar arasında Azərbaycan dili üzrə repetitorlara tələbat üç il ərzində 30 faiz artıb.
Sputnik
BAKI, 14 fevral — Sputnik. Rusiyada Azərbaycan dilini öyrənmək istəyənlərin sayı artır. Bu barədə "Vedomosti" qəzeti yazıb.
Nəşr mütəxəssislərin axtarışı üzrə həm əyani, həm də onlayn formatda repetitor xidmətləri barədə elan yerləşdirən "YouDo" və "Avito.usluqi" xidmətlərinin məlumatlarını misal çəkir.
"Vedomosti" yazır ki, 2022-ci ildən bəri rusiyalılar tez-tez MDB ölkələrinin dilləri üzrə repetitor xidmətlərini daha çox soruşmağa başlayıblar. "YouDo"nun məlumatına görə, rusiyalılar arasında Azərbaycan dili üzrə repetitorlara tələbat üç il ərzində 30 faiz artıb.
MDB ölkələrinin dillərinin öyrənilməsinə tələbatın analoji artımını "Avito.usluqi"nin analitikləri də qeyd edirlər. Bu platformada son üç il ərzində Azərbaycan dili müəllimlərinə tələbat 11 dəfə artıb.
Mütəxəssislərin fikrincə, dillərə maraq rusiyalıların bir hissəsinin öz yaşayış yerlərini dəyişmələri və keçmiş SSRİ respublikalarında onların adaptasiyasının zəruriliyi ilə bağlıdır. Rusiyalı mütəxəssislər miqrasiya amili ilə yanaşı, dillərin öyrənilməsində daha uğurlu karyerada və MDB ölkələrindən olan həmkarları ilə daha yaxşı qarşılıqlı anlaşmada istifadə üçün maraqlıdırlar.
Rusiya Xalqlar Dostluğu Universitetinin Rus dili İnstitutunun assistenti Məmmədəli Həsənov qeyd edib ki, Azərbaycan dilini öyrənən tələbələr arasında ana dilində danışmayan azərbaycanlılara, Azərbaycanda işləyən və dili öyrənməyə çalışan RF vətəndaşlarına, azərbaycanlılar ilə ailə həyatı qurub, öz həyat yoldaşlarının dilini öyrənməyi arzulayan qadınlara rast gəlmək olar.
"YouDo" və "Avito.usluqi" xidmətlərinin məlumatına görə, qazax, gürcü, belarus, qırğız, tacik və özbək dillərini öyrənmək istəyənlərin sayı da üç il ərzində artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.