BAKI, 14 fevral — Sputnik. "Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir. Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz". Bu fikirləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində söyləyib.
"Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq", dövlətimizin başçısı əlavə edib.
Dövlət büdcəmizdə ən böyük xərclərin hərbi xərclər, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı xərclərin olduğunu xatırladan Prezident ölkəmizin çox güclü hərbi sənaye kompleksi yaratdığını, artıq bunun birinci mərhələsinin başa çatdığını, ikinci mərhələnin isə daha genişmiqyaslı olacağını diqqətə çatdırıb.
Qeyd edək ki, fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Andiçmə mərasimində birinci xanım Mehriban Əliyeva, dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları iştirak ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.