BAKI, 14 fevral — Sputnik. Keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir. Bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Bu barədə Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində qeyd edib.
Planın azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərdə və 15 kəndə 20 min keçmiş köçkünün yerləşdirilməsi olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib, bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlanıb.
O bildirib ki, bu gün iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaradıb.
Dövlətimizin başçısı qeyd edib ki, əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir.
"Əldə edilmiş razılaşmalar, imzalanmış kontraktlar yaxın bir neçə ildə özünü elə göstərəcək, sıçrayış elə böyük olacaq ki, bunu hər kəs görəcək" - Prezident bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.