BAKI, 14 fevral — Sputnik. İtkin düşmüş soydaşlarımızın dəfn yerlərinin axtarışı prosesinə kütləvi məzarlıqların yerləri barədə kifayət qədər məlumatlara malik və 1994-cü ilədək Ermənistan tərəfindən döyüş əməliyyatlarına rəhbərlik etmiş səhra komandirlərinin və digər səlahiyyətli şəxslərin cəlb edilməsini zəruridir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
"Dövlət Komissiyası olaraq, hər iki tərəfə aid itkin düşmüş şəxslərin axtarışlarının təmin edilməsi sahəsində Ermənistan Respublikasının müvafiq strukturları ilə dəqiqlik, şəffaflıq prinsiplərinə riayət edilməklə və qarşılıqlı etimad mühitində əməkdaşlığa hazır olduğumuzu bir daha bəyan edirik", qeyd olunub.
Bildirilib ki, Ermənistan I Qarabağ müharibəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) rəsmi qeydiyyatında olan və əsirlikdə öldüyü bildirilən 33 nəfərin meyitini Azərbaycana qaytarmayıb:
"Birinci Qarabağ müharibəsində itkin düşmüş 54 azərbaycanlının taleyi Azərbaycan cəmiyyətini ötən müddət ərzində daha ciddi narahat edib. 1998-2001-ci illərdə daxil olmuş məlumatlara əsasən, birinci Qarabağ müharibəsi zamanı əsir-girov götürülmüş həmin 54 Azərbaycan vətəndaşına Ermənistandakı və vaxtilə işğal altında olmuş Azərbaycan ərazilərindəki saxlanma yerlərində BQXK tərəfindən baş çəkilib və onlar bu qurumun rəsmi qeydiyyatında olublar. Lakin sonradan onlardan 17 nəfərin meyiti Azərbaycana təhvil verilib, 4 nəfərin sonrakı taleyinə aydınlıq gətirmək mümkün olmayıb. 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmayıb", məlumatda bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.