Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Ermənistan Tovuzun yaşayış məntəqələri istiqamətindəki mövqelərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Sputnik
BAKI, 13 fevral - Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Bildirilib ki, fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
İnfoqrafika: Ermənistan Sialhlı Qüvvələrinin Azərbaycan mövqelərini atəşə tutması
12.02.24, 17:51
Zəngilan istiqamətində mövqelərimiz atəşə tutulub, bir hərbçi yaralanıb
Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xəlilzadə Pərviz Ağakişi oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olmuşdur.
Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınmış, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq zəruri tədbirlər görülmüş, hadisə yerinə baxış keçirilmiş və digər hərəkətlər icra edilmişdir.
Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.
Allahdan hərbçimizə şəfa diləyirik.
***
Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində hərbi qulluqçu yaralanıb.
"Report"un məlumatına görə, hadisə fevralın 12-si saat 13:37 radələrində baş verib.
Məlumata əsasən, atəş Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılıb:
"Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin açılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb. Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır. Bu, Ermənistanın növbəti təxribatıdır və buna görə məsuliyyət tam şəkildə rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".