SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rəsmi Bakı Ermənistanı hərbi eskalasiyalardan çəkinməyə çağırdı

Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən hərbi təxribatdan sonra Azərbaycan tərəfi erməni hərbi postundan irəli gələn təhlükəni aradan qaldırıb.
Sputnik
BAKI, 13 fevral - Sputnik. Azərbaycan sülh prosesinə sadiqdir və Ermənistan tərəfini bu istiqamətdə səyləri təhlükə altına qoya biləcək hərbi eskalasiyalardan çəkinməyə çağırır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfinin təxribatına qarşı gördüyü tədbirlərin eskalasiya üçün bəhanə olması ilə bağlı iddiaları tamamilə əsassızdır.
"Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən hərbi təxribatdan sonra Azərbaycan tərəfi erməni hərbi postundan irəli gələn təhlükəni aradan qaldırıb. Bu tədbir sırf cavab tədbiri idi" - XİN bildirib.
Qeyd edək ki, fevralın 12-si saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində hərbi qulluqçu yaralanıb.
Atəş Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılıb:
"Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin açılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb. Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır. Bu, Ermənistanın növbəti təxribatıdır və buna görə məsuliyyət tam şəkildə rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür" - DSX bildirib.
Fevralın 13-də isə Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib.
Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur.
Bu arada Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq keçirdiyi "Qisas əməliyyatı" zamanı öldürülən erməni yaraqlılarının adlarını açıqlayıb.
Bunlar Arutyunyan Eduard Hamletoviç (d. 1974), Manukyan Qaqik Varazdatoviç (1982-ci il təvəllüdlü), Ambartsumyan Arsen Qagikoviç (d. 1979), Oqanesyan Qraçya Talışeviçdir (1957-ci il təvəllüdlü).
Qeyd edək ki, onlar Ermənistanda ən böyük və nüfuzlu veteran qrupu olan Yerkrapa(Torpağın Müdafiəçiləri) Könüllülər Birliyinin üzvləridir.
Yerkrapa Könüllülər Birliyi Vazgen Sarkisyanın yaratdığı 6000 Birinci Dağlıq Qarabağ müharibəsi veteranından ibarət erməni qeyri-hökumət qrupudur.