AZƏRBAYCAN XƏBƏRLƏRİ

Məhkəmə seçkilərin nəticələrini təsdiqlədi: İlham Əliyev 3 gün ərzində and içəcək

Konstitusiya Məhkəməsinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əsasən, İlham Əliyev 92.12 faiz səslə prezident seçkilərində qalib gəlib.
Sputnik
BAKI, 13 fevral - Sputnik. Konstitusiya Məhkəməsi 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərinin nəticəsini təsdiq edib.
Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun qərarını elan edib.
Qərara əsasən, Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib.
Konstitusiya Məhkəməsinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əsasən, İlham Əliyev 92.12 faiz səslə prezident seçkilərində qalib gəlib.
Yenidən Azərbaycan Prezidenti seçilən İlham Əliyev 3 gün ərzində and içəcək.
Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir:
“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.
And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də keçirilən seçkilərdə səslərin 92.12 faizini (4 milyon 567 min 458 səs) toplayaraq qələbə qazanıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 11-də seçkilərin yekunları ilə bağlı keçirilən iclasda bildirib.
Qeyd olunub ki, seçkilər 125 seçki dairəsi üzrə keçirilib və vətəndaşlara səs vermələri üçün bütün şərait yaradılıb.
Yekun nəticələr belədir:
Lider namizəd Əliyev İlham Heydər oğlu - 4 milyon 567 min 458 səs (92,12 faiz)
Əliyev Fuad Ağası oğlu - 26 min 517 səs (0,54 faiz)
Həsənquliyev Qüdrət Müzəffər oğlu - 85 min 411 səs (1,72 faiz)
Musayev Elşad Nəbi oğlu - 32 min 885 səs (0,66 faiz)
Mustafa Fazil Qəzənfər oğlu - 98 min 421 səs (1,99 faiz)
Nurullayev Razi Qulaməli oğlu - 39 min 643 (0,80 faiz)
Oruc Zahid Məhərrəm oğlu – 107 min 632 səs (2,17 faiz).
Xatırladaq ki, növbədənkənar prezident seçkilərində seçici fəallığı 76, 43 faiz olub.