CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda "Hacı" olmağın qiyməti niyə bahalaşıb? QMİ-dən rəsmi açıqlama-VİDEO

Vüsal Cahangiri bildirib ki, ölkəmizdə Həcc ziyarətinin qiymətində ciddi bahalaşma yoxdur.
Sputnik
BAKI, 13 fevral — Sputnik. Azərbaycanda Həcc ziyarətinin bahalaşmasının səbəbi açıqlanıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib ki, ölkəmizdə Həcc ziyarətinin qiymətində ciddi bahalaşma yoxdur. O, qiymət artımının təxminən 100 ABŞ dolları civarında olduğunu söyləyib.
"Dünyada baş verən müharibələr və global iqtisadi böhran fonunda hər yerdə olduğu kimi, Səudiyyə Ərəbistanı Krallığında da bahalaşma müşahidə olunur. Bu da Həcc ziyarətinin qiymətində cüzi bahalaşmaya səbəb olub" - Vüsal Cahangiri bildirib.
İqtisadçı Natiq Cəfərli isə Sputnik Azərbaycan-a bildirib ki, Həcc ziyarətinin qiymətinin hər il bahalaşmasında Azərbaycanda Həcc ziyarətinin yalnız bir qurum tərəfindən həyata keçirilməsi rol oynayır. İqtisadçının sözlərinə görə, Həcc ziyarəti bir neçə şirkət tərəfindən təşkil olunarsa, bu zaman rəqabətli mühit yaranar. Bu isə qiymətlərin aşağı düşməsinə şərait yaradar.
"Amma Azərbaycanda illərdir Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Digər şirkətlərə, hüquqi və fiziki şəxslərə bu işlə məşğul olmağa icazə verilmir. Əgər müxtəlif şirkətlərə Həcc ziyarətini təşkil etməyə imkan yaradılmırsa, qiymət bir qurum tərəfindən diktə olunur" - Natiq Cəfərli bildirib.
O deyib ki, Həcc elə bir ziyarətdir ki, insanlar məcbur olub həmin qiyməti ödəyirlər. Amma qonşu müsəlman ölkələrində fiziki şəxslərə toplaşaraq Həcc ziyarətini təşkil etməyə icazə verilir. Azərbaycanda isə bu iş bir mərkəzdən təşkil olunur.
N.Cəfərli bildirib ki, illər əvvəl Həcc və digər müqəddəs ziyarətləri avtobusla təşkil edən şirkətlər fəaliyyət göstərib. Amma quru sərhədlər bağlandıqdan sonra bu, mümkünsüz olub. İqtisadçı hava yolu ilə Həccə daşınmanın qiymətin artmasına təsir etdiyini bildirib.
V.Cahangiri isə bildirib ki, dini qurum olaraq bu ziyarətin QMİ tərəfindən təşkil edilməsi normaldır. Onun fikrincə, təhlükəsizlik məqsədilə Həcc ziyarətini QMİ-nin təşkil etməsi daha yaxşıdır. Çünki, əks halda, bəzi xoşagəlməz hallar baş verir:
"Bəzi şəxslərin başqa qurumlar tərəfindən oralara getməsi, arzuolunmaz işlərlə məşğul olması problemlərə səbəb olur. Ona görə də bu ziyarətin QMİ tərəfindən təşkil edilməsi daha məqbuldur".
Qurum səlahiyyətlisi onu da bildirib ki, Həcc ziyarəti iyun ayında baş tutacaq: "Ziyarətə iyun ayının əvvəlindən başlanılması, həmin ayın sonunda isə isə zəvvarların geri dönməsi planlaşdırılıb".
Xatırladaq ki, ötən il bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları ( 9775,00 AZN ) təşkil edib. Ümumilikdə, pandemiyadan əvvəlki dövrlə müqayisədə Azərbaycandan Həcc ziyarətində ciddi bahalaşma qeydə alınıb. 2018-ci ildə Həcc ziyarətinin qiyməti 4150 dollar, növbəti il 4285 dollar olub. 2020 və 2021-ci illərdə pandemiyaya görə ziyarət təşkil olunmayıb. Beləliklə, pandemiyadan bir il əvvəlki dövrlə müqayisədə bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 1565 dollar və ya 2660 manat artıb.
Qeyd edək ki, Həcc ziyarəti İslam dininin 5 şərtindən biridir. Müsəlmanlar Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən Kəbəni ziyarət edir və öz dini ayinlərini icra edirlər. Hər il milyonlarla insan Kəbəni ziyarət edir. Ölkəmizdə Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir.
Məlumat üçün onu da bildirək ki, artıq Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılıb. Qafqaz Müsəlmanları İdarəsindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, sənədlərin qəbulu bu gündən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq. Ziyarət üçün tələb olunan sənədlər ümumvətəndaş pasportu; şəxsiyyət vəsiqəsinin surəti; 3.5 × 4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda) və sağlamlıq haqqında arayışdır. Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.