PAYTAXT XƏBƏRLƏRİ

Bakıda 100-ə yaxın marşrut üzrə avtobuslar tələblərə cavab vermir-Rəsmi

AYNA-nın sədri bildirib ki, bu gün Bakı şəhərində 80-nə qədər marşrut üzrə 600-dən çox avtobus hələ də nağdsız ödəniş sisteminə keçməyib.
Sputnik
BAKI, 10 fevral — Sputnik. 2024-cü il sərnişin nəqliyyatının inkişafı və tətbiq olunacaq yeniliklər baxımından çox əhəmiyyətli il olacaq.
Bunu Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
"Avtobuslar ən çox sərnişin daşınan ictimai nəqliyyat vasitəsidir. Etiraf edək ki, hazırda bu sahədə mövcud vəziyyət sərnişinlərlə yanaşı, bizi də narahat edir. Bu gün Bakıda 100-ə yaxın marşrut üzrə müasir tələblərə cavab verməyən avtobus fəaliyyət göstərir. Bu avtobusların bəziləri istismar müddətini başa vurduğundan yenilənməsinə ciddi ehtiyac var. Xüsusən ətraf kənd və qəsəbələr istiqamətində fəaliyyət göstərən avtobuslar texniki baxımdan köhnəldiyindən texniki tələblərə və qüvvədə olan ekoloji standartlara qəti cavab vermirlər. Bu avtobusların iştirakı ilə qəzalar, yanma halları baş verir. Bir müddət əvvəl sərnişin avtobusunun yaşayış evinin damına çıxmasını, yəqin ki, xatırlayırsınız. Bu kimi hallar nəticəsində vətəndaşlar fərdi nəqliyyat vasitələrinə üz tutmağa məcbur olurlar.
İctimai nəqliyyatın bütün komponentləri bir-biri ilə bağlıdır və əlaqəlidir. Hansısa yenilik bütün komponentlərə təsir edir. Buna görə də bu sahədə islahatlar aparılarkən məsələyə kompleks yanaşırıq. Biz dayanıqlı ictimai nəqliyyat xidmətlərinin təmin edilməsi üçün dövlət dəstəyi mexanizminin yaradılması üzərində çalışırıq. Nəqliyyat infrastrukturunun modernləşdirilməsi, təhlükəsiz və effektiv idarəetmə tədbirləri, sərnişinlərin rahatlığının təmin edilməsi əsas məqsədimizdir. Bu məqsədlə tərəfimizdən yeni dayanıqlı maliyyə modeli hazırlanıb və yaxın vaxtlarda tətbiqinə başlanılacaq", - deyə o bildirib.
O qeyd edib ki, AYNA tərəfindən Bakı şəhərində şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə nüfuzlu beynəlxalq məsləhətçi şirkətin iştirakı ilə marşrut şəbəkəsinin optimallaşdırılması nəzərdə tutulur.
"Hazırda bu istiqamətdə marşrut şəbəkəsinin əlçatanlıq, səmərəlilik və keyfiyyət səviyyəsini əhatə edən kompleks təhlillər aparılır.
Əhalinin sərnişindaşıma xidmətlərinə əlçatanlığının artırılması məqsədilə sərnişin axınına uyğun yeni marşrutların təşkili və ya mövcud marşrutların hərəkət sxemlərində dəyişikliklərin edilməsi, habelə marşrutlar üzrə operativ idarəetmənin təmin olunması üçün müsabiqələrin keçirilməsi və sərnişindaşıma xidmətində innovativ metodların tətbiq olunması da daxil olmaqla, bir sıra tədbirlər həyata keçiriləcək. Optimallaşdırma tədbirləri çərçivəsində yeni və rahat, nağdsız ödəniş sisteminə keçidi dəstəkləyən və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri ilə sərnişin daşımalarının təşkili hədəflənir. Bu baxımdan qarşıda duran hədəflərə nail olmaq üçün avtobus parkının yenilənməsi, sürücü bazasının genişləndirilməsi və onların bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində işlərin həyata keçirilməsi ilə bağlı daşıyıcılara xəbərdarlıq edilib", - deyə AYNA sədri bildirib.
A.Rzayev bildirib ki, sərnişindaşıma sahəsində nəzərdə tutulan ən mühüm yeniliklərdən biri komfortlu və müasir elektrik avtobuslarının sərnişinlərin istifadəsinə verilməsidir.
"Ölkəmizdə ətraf mühitə zərər vurmayan ekoloji avtobusların gətirilməsi prioritet məsələlərdəndir. Bir müddət əvvəl Bakıda müasir sərnişindaşıma tələblərinə tam cavab verən elektrik mühərrikli avtobuslar marşrut xəttinə buraxılıb.
Xatırlayırsınızsa, avtobuslardan biri yeni idi, digəri isə bir müddət istismar olunmuşdu. Məqsəd elektrik avtobusların Bakı şəhərinin mövcud relyefinə uyğunluğunu, həmçinin məhz bir müddət istismar olunduqdan sonra necə işləyəcəyini yoxlamaqdır. Nəticələrə əsasən elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında istifadəsi imkanları qiymətləndiriləcək. Yeni ekoloji təmiz avtobusların istismara verilməsi eyni zamanda nağdsız ödəniş sisteminin əhatə dairəsinin bir qədər də genişlənməsi və nəticə etibarilə sərnişinlərimizə həm keyfiyyət, həm təhlükəsizlik nöqteyi-nəzərindən müasir standartlara uyğun xidmətin göstərilməsi deməkdir", - deyə o bildirib.
AYNA-nın sədri bildirib ki, bu gün Bakı şəhərində 80-nə qədər marşrut üzrə 600-dən çox avtobus hələ də nağdsız ödəniş sisteminə keçməyib.
"Bu avtobusların 350-nin ümumiyyətlə nağdsız ödənişlərə keçməsi texniki cəhətdən mümkün deyil. Qeyd edim ki, bəzi daşıyıcılar tərəfindən də nağdsız ödənişlərə keçid müqavimətlə qarşılanır. Vətəndaşların rahatlığı, xidmət səviyyəsinin yüksəldilməsi üçün hədəfimiz bütün avtobusların nağdsız ödəniş sisteminə keçidini təmin etməkdir. Sərnişindaşıma sahəsində aparılan islahatlar həm də bu istiqaməti əhatə edəcək. Nağdsız ödənişlərin tətbiqi təkcə paytaxt Bakı ilə məhdudlaşmayacaq. Sumqayıtda da şəhərdaxili ictimai nəqliyyatda nağdsız ödənişlərin tətbiqi üzrə işlər aparılır. Bakı – Sumqayıt ekspres avtobusunda ödənişlər nağdsız qaydada həyata keçirilir.İctimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq üçün mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə işləri aparılır. Sistem yeniləndikdən sonra təmassız texnologiyanı dəstəkləyən, bütün bank kartları və mobil cihazlardan ödəniş etmək mümkün olacaq. Yaxın vaxtlarda bir neçə marşrutda ödənişlərin bank kartları ilə edilməsi sınaqdan keçiriləcək. Sınaqlardan sonra ödəniş sisteminin ilkin tətbiqinə başlanılması nəzərdə tutulur. Düşünürəm ki, 2024-cü il sərnişin nəqliyyatının inkişafı və tətbiq olunacaq yeniliklər baxımından çox əhəmiyyətli il olacaq", - deyə o bildirib.
A. Rzayev bildirb ki, fərqli tarif yanaşmasına tarif menyusu deyilir.
"Hazırda bu istiqamətdə də araşdırmalar və təhlillər aparılır. Daha əvvəl qeyd etdiyim kimi, ictimai nəqliyyatda tətbiq edilən hər hansı bir yenilik bütün komponentlərə təsir edir. Tarif menyusunun tətbiqini təmin etmək üçün bütün marşrutlarda fəaliyyət göstərən avtobuslar nağdsız ödəniş sistemini dəstəkləməlidir. Məqsədimiz sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi, ictimai nəqliyyatda nağdsız ödəniş alətlərinin tətbiq imkanlarının genişləndirilməsi, çevik tarif siyasətinin tətbiqi, müasir ödəniş üsullarının tətbiqinə nail olunması, eləcə də şəhərdə ictimai nəqliyyatın mobilliyinə nail olmaqdır", - deyə o bildirib.