BAKI, 9 fevral — Sputnik. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərində şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə nüfuzlu beynəlxalq məsləhətçi şirkətin iştirakı ilə marşrut şəbəkəsinin optimallaşdırılması nəzərdə tutulur.
Bunu Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
O bildirib ki, hazırda bu istiqamətdə marşrut şəbəkəsinin əlçatanlıq, səmərəlilik və keyfiyyət səviyyəsini əhatə edən kompleks təhlillər aparılır.
"Əhalinin sərnişindaşıma xidmətlərinə əlçatanlığının artırılması məqsədilə sərnişin axınına uyğun yeni marşrutların təşkili və ya mövcud marşrutların hərəkət sxemlərində dəyişikliklərin edilməsi, habelə marşrutlar üzrə operativ idarəetmənin təmin olunması üçün müsabiqələrin keçirilməsi və sərnişindaşıma xidmətində innovativ metodların tətbiq olunması da daxil olmaqla, bir sıra tədbirlər həyata keçiriləcək.
Optimallaşdırma tədbirləri çərçivəsində yeni və rahat, nağdsız ödəniş sisteminə keçidi dəstəkləyən və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri ilə sərnişin daşımalarının təşkili hədəflənir. Bu baxımdan qarşıda duran hədəflərə nail olmaq üçün avtobus parkının yenilənməsi, sürücü bazasının genişləndirilməsi və onların bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində işlərin həyata keçirilməsi ilə bağlı daşıyıcılara xəbərdarlıq edilib",- deyə sədr qeyd edib.