DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstanın yeni baş naziri İlham Əliyevə zəng edib

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirərək, öz növbəsində İrakli Kobaxidzeni Gürcüstanın Baş naziri vəzifəsinə təsdiq olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Sputnik
BAKI, 9 fevral — Sputnik. Gürcüstanın Baş naziri İrakli Kobaxidze fevralın 9-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
İrakli Kobaxidze İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycanın rifahı naminə fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirərək, öz növbəsində İrakli Kobaxidzeni Gürcüstanın Baş naziri vəzifəsinə təsdiq olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildirib, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
09.02.24, 10:45
Gürcüstanın yeni baş nazirinin ilk səfər edəcəyi ölkə bəlli oldu
Gürcüstanın yeni Baş naziri İrakli Kobaxidze ilk xarici səfərini Brüsselə edəcək.
Bu barədə yeni Baş nazir parlamentdə keçirilən etimad səsverməsindən sonra jurnalistlərə açıqlamasında deyib. Səfər 20-21 fevral tarixlərində baş tutacaq.
İrakli Kobaxidze Brüsselə səfəri çərçivəsində həm Aİ, həm də NATO rəsmiləri ilə görüşlər keçirəcəyini qeyd edib.
***
Gürcüstan parlamenti hakim "Gürcü Arzusu" partiyasının baş nazirliyə namizədi İrakli Kobaxidzenin rəhbərlik etdiyi hökumətə etimad göstərib.
İrakli Kobaxidze bu gün parlamentin plenar sessiyasında hökumət proqramını deputatlara təqdim edib. Daha sonra yeni hökumətə etimad səsverməsi keçirilib. 105 parlament üzvünün qeydiyyatdan keçdiyi səsvermədə 84 deputat lehinə, 10 deputat isə əleyhinə səs verib.
Gürcüstan qanunvericiliyinə görə, parlamentin hökumətə etimad göstərməsi üçün 76 deputatın dəstəyi kifayət edir.
Qeyd edək ki, nazirlər kabinetinin tərkibində yeganə dəyişiklik müdafiə naziri Cuanşer Burçuladzenin İrakli Çikovani ilə əvəzlənməsidir. İrakli Kobaxidze daha əvvəl açıqlamasında sabiq müdafiə nazirinin öz istəyi ilə vəzifəsindən ayrıldığını və başqa sahəyə yönəlmək istədiyini bildirib. Kabinetin digər nazirləri öz vəzifələrində qalıblar.
Xatırladaq ki, Gücüstanın Baş naziri İrakli Qaribaşvili yanvarın 29-da istefa verib. O, hakim partiyanın sədri təyin olunub.
01.02.24, 17:42
Hakim "Gürcü Arzusu – Demokratik Gürcüstan" partiyasının hazırkı sədri İrakli Kobaxidzenin ölkənin baş naziri postuna namizədliyi irəli sürülüb.
Kobaxidzenin namizədliyi hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının fevralın 1-də keçirilən qurultayında irəli sürülüb.
İrakli Qaribaşvili istefa verdiyini və hakim partiyanın sədri olmaq niyyətini elan etdikdən sonra Gürcüstan hökumətinin başçısı kürsüsü boş qalıb. Beləliklə, İrakli Qaribaşvili və İrakli Kobaxidze faktiki olaraq öz mövqelərini dəyişiblər.
"Gürcü Arzusu" partiyasının sədri İrakli Qaribaşvili baş nazirliyə partiyanın namizədi üçün simvolik səsvermədən sonra deyib: "İrakli Kobaxidze qurultaydan tam mandata malikdir".
İrakli Kobaxidze kimdir?
İrakli Kobaxidzenin 46 yaşı var. 2021-ci ilin yanvarından "Gürcü Arzusu – Demokratik Gürcüstan" partiyasının sədridir. Bundan əvvəl o, hakim komandanın məsul katibi olub.
2016-2019-cu illərdə Gürcüstan parlamentinin sədri olub və Tbilisidə Pravoslav Parlamentlərarası Assambleyasının iclası ilə bağlı qalmaqaldan sonra bu vəzifəni tərk edib. 2020-ci ildə hakim partiyanın seçki qərargahının rəhbəri olub və onu qələbəyə aparıb.
Kobaxidze ixtisasca hüquqşünasdır. "Gürcü Arzusu"na qoşulmazdan əvvəl o, BMT İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilən yerli özünüidarəetmə islahatları üzrə layihə meneceri vəzifəsində çalışıb.
O, Tbilisi Dövlət Universitetinin Hüquq fakültəsinin Keyfiyyət təminatı şöbəsinin müdiri vəzifəsini icra edən, Açıq Cəmiyyət Gürcüstan Fondunun İnsan Hüquqları və Qanunun Aliliyi Proqramının Ekspert Komitəsinin üzvü, Avropa Şurasının Gürcüstandakı ofisində strateji planlaşdırma üzrə ekspert, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının regional inkişaf üzrə eksperti və BMT-nin İnkişaf Proqramının regional və bələdiyyə inkişafı layihəsinin meneceri olub.
DÜNYA XƏBƏRLƏRİ
İrakli Qaribaşvili hakim "Gürcü arzusu" partiyasının sədri oldu - Yenilənib