DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan Avropaya vizasız gediş-gəliş imtiyazı əldə etməyə hazırlaşır

Brüsseldə Josep Borrell və Ararat Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Şurasının iclası keçiriləcək.
Sputnik
BAKI, 9 fevral — Sputnik. Fevralın 13-də Brüsseldə Avropa İittifaqı-Ermənistan Tərəfdaşlıq Şurasının beşinci iclası keçiriləcək. Bu barədə Avropa Şurasının mətbuat xidməti xəbər verir.
Tərəflər Aİ-Ermənistan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin icrasının gedişi və tərəfdaşlığın prioritetləri barədə fikir mübadiləsi aparacaqlar. Onlar həmçinin tərəflər arasında daha iddialı tərəfdaşlıq proqramının təşviqi imkanlarını müzakirə edəcəklər.
Müzakirələrdə siyasi dialoq və demokratiya, qanunun aliliyi və insan haqları sahəsində islahatlar, iqtisadi və ticarət əməkdaşlığı, o cümlədən miqrasiya və viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanması perspektivlərinə toxunulacaq. Görüş iştirakçıları siyasi məsələlər, o cümlədən regional proseslər, xarici siyasət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar.
Tərəfdaşlıq Şurasına Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Josep Borrell, Ermənistan nümayəndə heyətinə isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rəhbərlik edəcək.
Ermənistan-Aİ Tərəfdaşlıq Şurasının dördüncü iclası 2022-ci ilin mayında Brüsseldə keçirilib.