SƏHİYYƏ

Dövlət xəstəxanalarında reaktiv problemi

Ədalət Rüstəm bildirib ki, icbari tibbi sığortanın məqsədi səhiyyə xidmətlərini əlçatan etməkdir, vətəndaşlara əlavə xəstəlik qazandırmaq yox!
Sputnik
BAKI, 9 fevral — Sputnik. İcbari tibbi sığotanın tətbiq edildiyi xəstəxanaların laboratoriyalarında reaktiv tapılmır. Bu iddia ilə Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, radioloq Aydın Əliyev çıxış edib. O, öz *Facebook sosial şəbəkə hesabında bildirib ki, xəstələr reaktiv olmadığından özəl tibb müəssisələrinə üz tutmaq məcburiyyətində qalırlar.
"Bu günlərdə bir xəstə Respublika Endokrinoloji Mərkəzinə müraciət edib. Orada deyiblər ki, bizdə "reaktiv" qurtarıb. Pasiyentə 6 saylı Uşaq Kliniki Xəstəxanasına göndəriş veriblər. Oradan isə 7 saylı Uşaq Kliniki Xəstəxanasına göndəriblər. Xəstəxandan pasientə bildiriblər ki, reaktiv maddə qurtarıb. Xəstə gedib özəl klinikada analiz verməyə məcbur olub" - Aydın Əliyev deyib.
O, bu problemin yaranmasında TƏBİB-i qınayıb:
"Laboratoriyalarda reaktiv maddələrin çatışmazlığı səbəbindən pasient məcbur qalıb başqa yerə gedir. Orada deyirlər burada da yoxdur, süründürməçilik edirlər. Guya ki, TƏBİB belə problemlərin olduğunu bilmir? Nəticə çıxarsın, tənqiddir, ictimai qınaqdır. TƏBİB-in borcudur ki, xəstəxanaları "reaktiv"lərlə təmin etsin. Xəstəxanalarda həftələrlə "reaktiv" yoxdur. Xəstə nə qədər gözləməlidir ki, reaktiv gəlsin? Məsələn, zob hormonu, vitamin D, kalsium, biokimyəvi anlaizlərin hamısı reaktiv maddələr vasitəsilə aparılır. Xəstələr isə daha çox laboratoriyalarda reaktiv maddələrin çatışmazlığından şikayət edirlər. Pasiyent xəstəxanaya gedir, deyirlər ki, reaktiv maddə qurtarıb. Reaktiv maddəni isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) təmin etməlidir. Xəstəlikləri vaxtında aşkarlamaq, sağlamlığı qorumaq üçün bu analizlər mütləqdir. Bu müayinələr üçün xəstənin hər ay öz əməkhaqqından, çalışdığı müəssisənin də büdcəsindən vəsait tutulur. Əgər xəstəxanada qurtarıbsa, müvafiq qurum vaxtında təmin etməlidir".
Sputnik Azərbaycan faktı araşdırmaq üçün Respublika Endokrinoloji Mərkəzinin direktoru Nərmin İsmayılova ilə əlaqə saxlayıb. N.İsmayılova problemin yeni yarandığını, aradan qaldırılması istiqamətində iş aparıldığını söyləyib:
"09.08.2010-cü il təvəllüdlü Əliyev Əziz Aydın oğlu 2014-cü il tarixdən Respublika Endokrinoloji Mərkəzi publik hüquqi şəxsində "Şəkərli diabet tip 1" diaqnozu ilə qeydiyyatdadır. Həmin vaxtdan indiyədək 7 qələm NovoRapid, Levemir, Tresiba insulinləri ilə təmin olunur. Xəstəyə 2015-ci ildə pompa cihazı quraşdırılıb. NovoRapid insulini ilə son təminat tarixi 12.01.2024-cü il tarixdə olub. Ə.Əliyev 2015-ci il tarixdən sosial müavinətla təmin olunur. Xəstənin tibb müəssisəsinə sonuncu müraciət tarixi 29.01.2024-cü il olub. Bu zaman bütün laborator analizləri (qlikohemoqlabin, ALT, AST, kreatin, TSH, revmo prabalar, qanın ümumi analizi, sidiyin ümumi analizi) götürülüb. Nəzərinizə çatdırmaq istərdik ki, hal-hazırda tibb müəssisəmizin analizləri podratçı şirkət - FALCK laboratoriyası tərəfindən icra olunur. Xəstə 29.01.2024-cü il tarixdə tibb müəssisəsinə müraciət edərkən laboratoriyada insulinəbənzər böyümə faktoru IGF-1 (Insulin-like Growth Factor-1) reaktivi 25.01.2024-cü il tarixdən bitdiyinə görə (reaktivin azalması və bitməsinə az qalması barədə tərəfimizdən FALCK laboratoriyasına 1 həftə əvvəl müraciət olunmuşdur), digər klinikaya göndərilib. Ə.Əliyev 2022-ci ilin oktyabr ayından etibarən boy çatışmazlığı diaqnozu ilə tibb müəssisəsində qeydiyyata düşüb və həmin tarixdən etibarən boy hormonu ilə təmin olunur. Boy hormonu ilə son təminat 29.12.2023-cu il tarixdə 3 katric olub".
Azərbaycan Həkimlər Birliyinin üzvü Ədalət Rüstəm də Sputnik Azərbaycan-a bildirib ki, bəzi dövlət xəstəxanalarında reaktivlərin bitməsi xəstələr üçün problem yaradır. Pasiyent icbari tibbi sığortadan yararlanmaq üçün dövlət xəstəxanalarına üz tutur. Xəstəyə isə hər hansı diaqnozu qoymaq üçün laborator analizin cavabının olması şərtdir. Buna görə pasiyentlər məcbur olub özəl xəstəxanalara üz tuturlar.
"İcbari tibbi sığortanın tətbiqi insanların səhiyyə xidmətlərinə əlçatanlığını artırsa da, bəzi problemlər hələ də qalmaqdadır. Bəzən xəstəxanalarda reaktiv tapılmır. Ona görə pasiyent bir neçə gün ardı-ardına xəstəxanaya gəlməli olur. Axırda bezib özəl tibb müəssisələrində öz vəsaiti hesabına analiz verməli olur. Bu problemi həll etmək lazımdır. Çünki, pasiyent bir neçə dəfə dövlət xəstəxanasına hər hansı tibbi xidmət üçün müraciət edirsə, artıq əsəbləri pozulur. Bundan sonra da gedib nevroloji müalicə almalı olur. İcbari tibbi sığortanın isə məqsədi səhiyyə xidmətlərini əlçatan etməkdir, vətəndaşlara əlavə xəstəlik qazandırmaq yox!" - Ədalət Rüstəm bildirib.
TƏBİB-dən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində təchizat və təminat tibb müəssisələrinin əvvəlcədən tərtib etdiyi tələbata uyğun olaraq dövri formada həyata keçirilir.
"Eyni zamanda reaktivlər də tibb müəssisələrinin tələbnaməsinə uyğun olaraq təmin olunur. Hazırda reaktivlərin təminatı prosesində çatışmazlıq qeydə alınmayıb. Tələbatın çox olması ilə əlaqədar bəzi hallarda qısa müddət üçün tibb müəssisələrində tibbi ləvazimat, sərf və materialların bitməsi və azalması hallarına rast gəlinir. Bu halda xidmət əlçatanlığını təmin etmək üçün pasiyentlərə aidiyyəti üzrə yaxın ərazilərdə yerləşən digər dövlət tibb müəssisələrinə göndəriş verilir".