BAKI, 9 fevral — Sputnik. Azərbaycanda Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 225 illiyi və Mirzə Şəfi Vazehin anadan olmasının 230 illiyinə həsr edilmiş rus dilində XVI respublika olimpiadasının birinci mərhələsi başa çatıb.
Bu barədə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin Mətbuat xidmətindən bildirilib.
İkinci mərhələyə Bakı, Gəncə, Sumqayıt, Naxçıvan şəhərləri və Azərbaycanın daha 52 regionundan rus dilində tədris aparılan məktəblərin iki mindən artıq 7-9-cu sinif şagirdləri keçib.
Qeyd edək ki, ikinci mərhələ aprel ayında başa çatacaq. İyun ayında qaliblərin, məktəb direktorlarının iştirakı ilə təntənəli mükafatlandırma mərasimi keçiriləcək.
Ənənəvi olaraq rus dilində olimpiada Azərbaycan Dillər Universitetinin dəstəyi ilə Bakıdakı Rus evi, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən keçirilir.