BAKI, 8 fevral — Sputnik. "Exit-poll"un nəticələrinə əsasən, dünən Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyev 93,9 faiz, Qarabağda isə demək olar ki, 100 faiz səs qazanıb.
Bu barədə "Euronews"un materialında deyilir.
Qeyd edilib ki, bu, Azərbaycanın əvvəllər işğal olunmuş bütün torpaqlarını azad edib, ölkənin bütün suveren ərazisini tam nəzarətə götürməsindən sonra keçirilən ilk seçkilərdir: "Seçki komissiyası nümayəndələrinin sözlərinə görə, seçkidə fəallıq yüksək olub və səsvermənin ilk doqquz saatında səsvermə hüququna malik olanların 70 faizindən çoxu səs verib. Qarabağın tam azad edilməsi və müharibədə qazanılan qələbə hazırkı prezidentə ictimai dəstəyin səviyyəsini xeyli artırdı".
O da qeyd edilib ki, Qarabağ və ona bitişik ərazilər Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Ermənistanın dəstəklədiyi etnik erməni qüvvələrin nəzarətinə keçib:
"Azərbaycan 2020-ci ildə Moskvanın vasitəçiliyi ilə atəşkəslə başa çatan altı həftəlik müharibədə Qarabağın bir hissəsini və əvvəllər işğal olunmuş ərazilərinin böyük hissəsini geri qaytarıb. 2023-cü ilin sentyabrında keçirilən birgünlük lokal antiterror tədbirləri ilə rəsmi Bakı separatçı qüvvələri məğlub edərək, onları silahı yerə qoymağa məcbur edib. Separatçıların məğlubiyyətindən sonra 100 mindən çox etnik erməni bölgəni tərk edib".