HADİSƏ

Astarada 6 yaşlı oğlan qızılcadan ölüb - ailəsi həkim çağırıb, amma o gəlməyib

Astara rayon Maşxan kənd sakini Yusif Əliyev qızılcaya qarşı peyvənd edilsə də, bu xəstəlikdən ölüb.
Sputnik
BAKI, 8 fevral - Sputnik. Astarada 6 yaşlı uşaq qızılcadan ölüb. Astara rayonunun Maşxan kənd sakini, 2018-ci il təvəllüdlü Yusif Əliyev qızılca xəstəliyindən dünyasını dəyişib.
Astara rayon mərkəzi xəstəxanasında azyaşlıya qızılca diaqnozu qoyulub. Azyaşlı xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.
Qızılcadan ölən uşağın əmisi İsmayıl Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Yusif tam sağlam uşaq olub. Qızılcaya yoluxandan sonra bir neçə gün yüksək temperaturu olub. Rayon mərkəzindən həkim çağırsalar da, həkim uşağı gəlib müalicə etməyib.
İ.Əliyev azyaşlının qızılcaya qarşı peyvənd olunduğunu da bildirib:
"Qardaşımın oğlu sağlam uşaq idi. 1-ci sinifdə oxuyurdu. Qızılcaya yoluxandan sonra yüksək hərarəti olub. Bizim tibb məntəqəsində həkim yoxdur. Ona görə rayon mərkəzindən həkim çağırmışdıq. Həkim gəlmədiyindən, uşağa vaxtında müalicə tətbiq edilmədiyindən Yusif öldü. Hazırda uşağın nəşi ekspertiza edilir".
Məlumat üçün bildirək ki, Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin sporadik yayılma halları qeydə alınıb.
Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, yoluxma əsasən uşaqlar arasında müşahidə olunub. Əgər 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınmışdısa, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub. Ölüm hallarının statistikası isə açıqlanmır. Amma bu günədək qızılcadan uşaqlar arasında onlarla ölüm hadisəsi qeydə alınıb.
01.02.24, 20:23
Sabunçuda 7-ci sinif şagirdi qızılcadan ölüb
Bakının Sabunçu rayonunun Savalan qəsəbəsində 7-ci sinif şagirdi dünyasını dəyişib.

TƏBİB-dən bildirilib ki, 14 yaşlı yeniyetmə 29 yanvarda xəstəxanaya ağır vəziyyətdə yerləşdirilib.

Aparılan bütün zəruri tibbi yardımlara rəğmən saat 00:40-da bioloji ölüm baş verib.

Ölüm səbəbi kimi qızılcanın ensefalitlə ağırlaşması, ürək və tənəffüs çatışmazlığı qeyd olunub.
30.11.23, 13:19
TƏBİB qızılcadan ölən məktəbli ilə bağlı açıqlama yayıb
TƏBİB Qardağ rayon 195 saylı məktəbin 4-cü sinif şagirdi Rinatın ölümü ilə bağlı məlumat yayıb.
Qurumdan Sputnik Azərbaycan-a bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km ünvanından 30.11.2023-cü il tarixində 04:26 radələrində çağırış daxil olub.
Təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən ünvanda 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb.
Qeyd edək ki, şəxsin ölüm səbəbini tibbi ekspertiza, pataloji anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür.
***
"195 saylı məktəbin şagirdinin qızılcadan ölməsi faktı hazırda araşdırılır. Bizə bununla bağlı məlumat yeni daxil olub".
Bu sözləri Sputnik Azərbaycan-a Qaradağ Rayon Gigiyena və Epidemilogiya Mərkəzinin direktoru Sevil Bədəlova söyləyib.
O, bildirib ki, hazırda Qobustan Mərkəzi Xəstəxanasındadır.
"Mən hazırda xəstəxanadayam. Bizə məlumat daxil olan kimi bura gəlmişik. Məktəblinin qızılcaya yoluxduğu, vəziyyəti pisləşərək öldüyünü bildirirlər. Bununla belə hazırda araşdırma aparılır" - qurum rəhbəri bildirib.
***
Bakıda 195 saylı ümumtəhsil müəssisəsində qızılcaya yoluxan bir şagird vəfat edib. Bu barədə Sputnik Azərbaycan-a məktəbin müəllimi Aynur Cavid bildirib.
Müəllim deyib ki, məktəbin 4-cü sinfində təhsil alan Rinat ailənin tək övladıdır. O, dünən gecə saatlarında yüksək temperaturla həyatını itirib.
A.Cavid onu da əlavə edib ki, qızılca məktəbdə geniş yayılsa da nə siniflər, nə də ki, məktəb bağlanır.
"Hazırda mənim sinfimdə üç-dörd şagird var, qalan hamısı qızılcaya yoluxub" - müəllim deyib.
Xatırladaq ki, noyabrın 23-də Kürdəmir Rayonu Qağacılı kənd sakini 14.10.2019-cu il təvəllüdlü Qəribli Rüfət Roman oğlu qızılcadan vəfat etmişdi.