CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan qocalır: Gənclərin sayının kəskin azalmasının ilginc səbəbləri var

Deputatın fikrincə, gənclərin sayının azalması əmək qabiliyyətli insanların azalmasına gətirib çıxarır ki, bu da iqtisadi baxımdan əlverişli deyil.
Sputnik
BAKI, 7 fevral — Sputnik. "Azərbaycanda gənclərin sayının azalmasının bir səbəbi gənc ailələrin az uşaq istəməsidir. Digər səbəblər gənclərin miqrasiyası, eləcə də karyeraya daha çox önəm verməsidir".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında son illər gənclərin sayının azalmasına münasibət bildirən millət vəkili Rüfət Quliyev söyləyib. Deputat deyib ki, son 10-15 ildir ki, ailələr əsasən bir-iki uşağa üstünlük verirlər. Çoxuşaqlı ailələrin sayı azalır. Millət vəkili bunun əhali güzəranı ilə bağlı olmadığını bildirib.
"Bunu bəzən ailənin maddi vəziyyəti ilə əlaqələndirlər. Amma əslində gənc ailələr artıq hər şeyi planlaşdırır. Bu proses bütün dünyada müşahidə olunur. Bir-iki uşaqdan artıq uşaq istəmirlər. İkinci uşağın doğulmağını belə istəmirlər. Çox uşağı özlərinə problem hesab edirlər. Amma illər öncə ailədə ən azı üç-dörd uşaq olurdu" - Rüfət Quliyev bildirib.
Deputat onu da əlavə edib ki, belə bir problem əvvəllər Yaponiyada qeydə alınıb. Yaponiyada gənc əhalinin sayı azalıb, yaşlı əhalinin sayı isə artıb. Millət vəkili bunun iqtisadi baxımdan səmərəli olmadığı qənaətindədir. Rüfət Quliyev deyir ki, ahıl əhalinin sayının gənclərdən çox olması büdcəyə ziyandır. Çünki bu, daha çox pensiya ödənilməsi deməkdir. Gənclərin sayının azalması isə əmək qabiliyyətli insanların azalmasına gətirib çıxarır ki, bu da iqtisadi baxımdan əlverişli deyil. Bununla belə, hələki deputat ölkəmizdə doğumu stimullaşdırmağa ehtiyac olmadığını düşünür.
Qeyd edək ki, 2022-ci ilin yekunlarına görə, ölkə əhalisinin 22,7 faizini, yəni 2,3 milyon nəfərini gənclər təşkil edir. 2009-cu ildə ölkəmizdə 2,826 milyon gənc olub. Həmin tarixdə gənclər əhalinin 31,4 faizini təşkil edib.
Müqayisə göstərir ki, son 12 ildə gənclərin sayı 520 min nəfərdən çox azalıb. Məlumat üçün onu da bildirək ki, 2022-ci ildə 15-29 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 91 min nəfər olub və bütövlükdə doğulan körpələrin 74,1 faizi gənc anaların payına düşüb. Onu da əlavə edək ki, 2015-ci ildə 166 min 210, 2016-cı ildə 159 min 464, 2017-ci ildə 144 min 41, 2018-ci ildə 138 min 982, 2019-cu ildə 141 min, 2020-də 125 min, 2021-ci ildə 110 min 700, 2022-ci ildə 122 min 846 körpə dünyaya gəlib. 2015-ci illə müqayisədə 2022-ci ildə 43 min 364 uşaq az doğulub, yəni doğuş sayı azalır.
Dövlət Statistika Komitəsindən əldə olunan məlumata görə, 2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasına əsasən, Azərbaycanda 6 və daha çox uşağı olan 16 169 ailə mövcuddur.
Çoxuşaqlı ailələrdən 7169-u şəhər yerlərində, 9000-i isə kənd yerlərində yaşayır.
Hazırda Azərbaycandakı çoxuşaqlı ailələr uşaqların sayına görə aşağıdakı rəqəmlərdə əks olunur:
6 uşaqlı – 9 332 ailə
7 uşaqlı – 3 565 ailə
8 uşaqlı – 1 748 ailə
9 və çox uşaqlı – 1 524 ailə
Məlumat üçün onu da əlavə edək ki, "Gənclər siyasəti haqqında" Qanuna əsasən, Azərbaycanda gənclər 14-29 yaşlarında olan vətəndaşlar hesab edilir.