RUSİYA

Putinin Karlsondan başqa heç kimə müsahibə verməməsi Qərb jurnalistlərini məyus edib

Rusiya prezidentinin Taker Karlsona verdiyi müsahibə fevralın 8-də dərc ediləcək.
Sputnik
BAKI, 7 fevral — Sputnik. Qərb jurnalistləri Ukraynada xüsusi hərbi əməliyyat (XHƏ) başlayandan bəri Rusiya Prezidenti Vladimir Putinin müsahibə verməyə razılaşdığı yeganə jurnalist Taker Karlson olduğundan şikayətləniblər.
Xüsusilə, "BBC"nin jurnalisti Stiv Rozenberq "X" (keçmiş "Twitter") sosial şəbəkəsindəki səhifəsində yazıb ki, onun telekanalı son 18 ay ərzində Rusiya liderindən müsahibə almaq üçün Kremlə "bir neçə sorğu" göndərib, lakin hər dəfə mənfi cavab alıb.
"CNN"in aparıcısı Kristian Amanpur da eyni sosial şəbəkədə Vladimir Putindən "bir ildən artıqdır ki," müsahibə almaq üçün cəhd etməyə davam etdiyini bildirib.
Bu yaxınlarda Karslon bildirib ki, Ukraynada XHƏ başlayandan bəri heç bir Qərb jurnalisti Rusiya lideri ilə "müsahibə almaq üçün əziyyət çəkməyib".
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Karlsonun Putinlə görüşüb söhbət etdiyini təsdiqləyib. Onun sözlərinə görə, müsahibə "hazırlanan kimi" nəşr ediləcək.
"The Wall Street Journal" qəzetinin məlumatına görə, Karlson müsahibəni fevralın 8-də dərc edəcək. Müsahibənin jurnalistin "X" sosial şəbəkəsindəki səhifəsində və rəsmi saytında yer alacağı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.