VİDEO

Moskvadakı Azərbaycan vətəndaşları prezident seçkilərində iştirak edirlər

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.
Sputnik
BAKI, 7 fevral — Sputnik. İki min beş yüz nəfərdən çox Azərbaycan vətəndaşı respublika prezidenti seçkilərində iştirak etmək üçün Moskvadakı seçki məntəqələrində qeydiyyatdan keçib. Bu barədə Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu məlumat verib.
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Azərbaycan prezidenti postu uğrunda hazırkı dövlət başçısı İlham Əliyev də daxil olmaqla 7 namizəd mübarizə aparır.

“Burada, Moskvada biz iki seçki məntəqəsi açdıq, çünki hazırda Moskvada olan iki min yarımdan çox Azərbaycan vətəndaşı öz istəyini bildirib və [səs vermək üçün] qeydiyyatdan keçib”, səfir bildirib.

Diplomat qeyd edib ki, Moskvadan başqa, Sankt-Peterburq və Yekaterinburqda da seçki məntəqələri yaradılıb.

“Beləliklə, bu şəhərlərdə və yaxınlıqda olan vətəndaşlar öz vətəndaşlıq borcunu yerinə yetirmək imkan əldə edirlər”, səfir əlavə edib.

Diplomat onu da qeyd edib ki, bu seçkilər ona görə xüsusi əhəmiyyət kəsb edir ki, bu seçkilər suveren Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkədə, o cümlədən Qarabağda keçirilir:
"Artıq Xankəndində, Xocalıda, doğma Şuşada səsvermə başlayıb və vətəndaşlar böyük həvəslə səs verməyə hazırlaşırlar. Əminəm ki, müdrik Azərbaycan xalqı düzgün seçim edəcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.