AZƏRBAYCAN XƏBƏRLƏRİ

Əfsanəvi qəhrəman Mübariz İbrahimovun doğum günüdür - VİDEO

XXI əsrin qəhrəmanının adına küçələr, məktəb və bağçalar salınıb. Həm ölkəmizdə, Həm də qardaş Türkiyədə onunla bağlı filmlər çəkilib.
Sputnik
BAKI, 7 fevral — Sputnik. Bu gün Milli Qəhrəman İbrahimov Mübariz Ağakərim oğlunun doğum günüdür.
Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
Təsdiq edilməmiş versiyalara görə, 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında döyüşdə qəhrəmancasına həlak olur.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.
Atası Ağakərim İbrahimovun dediklərindən:

"Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki? Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhədə tərəf gedin. Sonra da məktubunu tapmışdılar..."

Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyası Prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində, Azərbaycan Respublikasının Tərtər rayonu istiqamətində Ermənistan hərbçilərinin hücumunu dəf edərkən 18 iyun 2010-cu il tarixdə şəhid olmuş Azərbaycan hərbçisi İbrahimov Mübariz Ağakərim oğlunun meyiti 6 noyabr 2010-cu il tarixdə qarşı tərəfdən alınıb.
Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
Bir gün sonra, noyabrın 7-də şəhid qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunub.
2010-cu il noyabrın 11-də Təzəpir məscidində prezident İlham Əliyevin adından şəhid hərbçilər – Milli Qəhrəman Mübariz İbrahimov"İgidliyə görə" medalıyla təltif olunmuş baş leytenant Fərid Əhmədovun xatirəsinə ehsan mərasimi keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli fərmanı ilə İbrahimov Mübariz Ağakərim oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. XXI əsrin qəhrəmanın adına küçələr, məktəb və bağçalar salınıb. İstər ölkəmizdə, istərsə də qardaş Türkiyədə onunla bağlı filmlər lentə alınıb.
Mübarizin son məktubu:

"Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".

Allah rəhmət eləsin!
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.