RUSİYA

Azərbaycanın Rusiyadakı səfirliyində səsvermə keçirilir - FOTO

Ölkədən kənarda yaşayan Azərbaycan vətəndaşları 37 ölkədə təşkil edilmiş 49 seçki məntəqəsində səs verəcəklər.
Sputnik
BAKI, 7 fevral - Sputnik. Azərbaycanın Rusiyadakı səfirliyindəki seçki məntəqəsində səsvermə prosesi başlayıb. Səfir Polad Bülbüloğlu ilk səs verənlərdən olub.
Xatırladaq ki, bu gün keçirilən prezident seçkilərində qeydiyyata alınmış 7 namizəd mübarizə aparır. Həmin namizədlər aşağıdakılardır:
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;
Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
Fevralın 9-da bütün dairələrdən məlumatlar alındıqdan sonra nəticələr ümumiləşdirilərək ictimaiyyətə açıqlanacaq. Bu, seçkilərin ilkin nəticəsi sayılacaq.
Seçkilərlə əlaqədar ümumilikdə 6 537 seçki məntəqəsi yaradılıb.
Ölkədən kənarda yaşayan Azərbaycan vətəndaşları 37 ölkədə təşkil edilmiş 49 seçki məntəqəsində səs verəcəklər.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 6319 daimi seçki məntəqəsi (bu saya müvəqqəti əsaslarla yaradılan seçki məntəqələri daxil deyil) fəaliyyət göstərəcək. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının (MSK) saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 790 beynəlxalq (72 təşkilat, 89 ölkə) və 89 min 366 yerli müşahidəçi izləyəcək.
MSK səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə gün ərzində 5 dəfə (saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00) ilkin məlumatları açıqlayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.