AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda növbədənkənar prezident seçkiləri üzrə səsverməyə start verildi

6 milyon 478 min 623 seçicisi olan Azərbaycanda prezident seçkilərini 90 minə qədər yerli və xarici müşahidəçi müşahidə edəcək.
Sputnik
BAKI, 7 fevral — Sputnik. Bu gün - fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərinə start verilib.
Yerli vaxtda səhər saat 8-də seçki məntəqələri açılıb və səsvermə başlayıb. Səsvermə saat 19:00-da başa çatacaq.
MDB PA Şurasının baş katibi - Katibliyinin rəhbəri Dmitri Arkadyeviç Kobitski 2 saylı seçki məntəqəsində seçkilərə hazırlıqla tanış olub.
D.Kobitski bildirib ki, hazırda Azərbaycanda seçki kampaniyasına hazırlıq ən yüksək səviyyədə aparılır:

"Müşahidəni daha obyektiv etmək üçün 2006-cı ildə demokratiyanın inkişafının monitorinqi üzrə beynəlxalq institut yaradılıb. Onun yaradılması haqqında qərar Bakıda verilib. İndi institut bütün MDB məkanında fəaliyyət göstərir".

Seçkilərlə əlaqədar ümumilikdə 6 537 seçki məntəqəsi yaradılıb.
Ölkədən kənarda yaşayan Azərbaycan vətəndaşları 37 ölkədə təşkil edilmiş 49 seçki məntəqəsində səs verəcəklər.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 6319 daimi seçki məntəqəsi (bu saya müvəqqəti əsaslarla yaradılan seçki məntəqələri daxil deyil) fəaliyyət göstərəcək. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının (MSK) saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 790 beynəlxalq (72 təşkilat, 89 ölkə) və 89 min 366 yerli müşahidəçi izləyəcək.
MSK səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə gün ərzində 5 dəfə (saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00) ilkin məlumatları açıqlayacaq.
Hazırda Azərbaycanın seçici siyahılarında 6 milyon 478 min 623 seçici var.
Xatırladaq ki, bu gün keçirilən prezident seçkilərində qeydiyyata alınmış 7 namizəd mübarizə aparır. Həmin namizədlər aşağıdakılardır:
- Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
- Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
- Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
- Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
- Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;
- Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
Fevralın 9-da bütün dairələrdən məlumatlar alındıqdan sonra nəticələr ümumiləşdirilərək ictimaiyyətə açıqlanacaq. Bu, seçkilərin ilkin nəticəsi sayılacaq.