BAKI, 6 fevral — Sputnik. Azərbaycanda seçki prosesinə hazırlığı yüksək qiymətləndiririk. Hesab edirəm ki, digər ərazilərdə olduğu kimi, işğaldan azad edilmiş bölgələrdə də səsvermə prosesi normal keçəcək.
Bu sözləri Belarus və Rusiya İttifaqı Parlament Assambleyasının nümayəndə heyətinin koordinatoru Viktor Seliverstov jurnalistlərə açıqlamasında deyib.
V.Seliverstov fevralın 7-də seçki prosesini müşahidə etdikdən sonra nəticələr barədə müzakirə aparacaqlarını vurğulayıb.
Seçkilərdə həm müşahidəçi, həm də tərəfdaş kimi fəal iştirak edəcəklərini söyləyən koordinator seçki prosesini izləmək üçün kifayət qədər müşahidəçinin qeydə alındığını vurğulayıb.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Belarus və Rusiya İttifaqının Parlament Assambleyasının nümayəndə heyəti ilə görüşüb.
Xatırladaq ki, seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.