BAKI, 6 fevral - Sputnik. Tovuzda qızılcadan ölən uşaq peyvənd olunmayıb. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Tovuz rayon Qədirli kənd Tibb Məntəqəsinin baş həkimi Vəfa Hüseynova bildirib. Baş həkim deyib ki, Tovuz rayonu Qədirli kənd sakini 2014-cü il təvəllüdlü İsmayılov Yusif Raul oğlu tibb məntəqəsində qeydiyyatda olsa da, valideynləri onun peyvənd olunmasına razılıq verməyib.
"Uşaq doğum evində yalnız hepatitə qarşı vaksin olunub. Qalan heç bir peyvəndləri vurulmayıb. Valideyni tibb işçisi olsa da, icazə verməmişdi. Uşaq isə serebral iflicdir. Ailə pandemiyaya qədər Bakıda yaşayıb. Pandemiyadan sonra rayon mərkəzinə qayıdıblar. Kəndə ara-sıra gəlsələr də, uşaq tibb məntəqəsində həkim müayinəsindən keçirilməyib" - baş həkim bildirib.
O, hazırda tibb məntəqəsində qeydiyyatda olan uşaqların 10 faizinin peyvənddən kənar qaldığını, onların valideynlərinin isə tibb işçisi olduğunu bildirib. Qızılcadan ölən uşağın əmisi, Qədirli kənd bələdiyyə sədri Elşən İsmayılov isə ailənin müsahibə verəcək vəziyyətdə olmadığını söyləyib. Bildirib ki, uşaq serebral iflic xəstəliyindən əziyyət çəkib.
TƏBİB-dən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, 04.02.2024 tarixində saat 12:22 radələrində Tovuz rayonu Qədirli kənd sakini 2014-cü il təvəllüdlü İsmayılov Yusif Raul oğlu Tovuz MRX Təcili yardım şöbəsinə yerləşdirilib. Daxil olarkən vəziyyəti ağır olub. Uşaq, həmçinin serebral iflic xəstəsi olub. Saat 13:20 radələrində Yoluxucu xəstəliklər şöbəsinə köçürülüb. Vəziyyəti ağırlaşdığına görə müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Bütün görülən tədbirlərə baxmayaraq, xəstə saat 14:50 radələrində ağırlaşmış qızılca və pnevmoniya səbəbindən dünyasını dəyişib.
Səhiyyə Nazirliyindən isə hazırda peyvənddən kənar qalan uşaqların vaksinasiyaya cəlb olunma prosesinin davam etdiyini bildirdilər.
Xatırladaq ki, bundan əvvəl Bakının Sabunçu rayonunun Savalan qəsəbəsində 7-ci sinif şagirdi dünyasını dəyişib.
TƏBİB-dən bildirilib ki, 14 yaşlı yeniyetmə 29 yanvarda xəstəxanaya ağır vəziyyətdə yerləşdirilib.
Aparılan bütün zəruri tibbi yardımlara rəğmən saat 00:40-da bioloji ölüm baş verib.
Ölüm səbəbi kimi qızılcanın ensefalitlə ağırlaşması, ürək və tənəffüs çatışmazlığı qeyd olunub.
Məlumat üçün onu da bildirək ki, Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, yoluxma əsasən uşaqlar arasında müşahidə olunub. Əgər 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınmışdısa, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub. Ölüm hallarının statistikası isə açıqlanmır. Amma bu günədək qızılcadan uşaqlar arasında onlarla ölüm hadisəsi qeydə alınıb.
Ölkəmizdə qızılcaya yoluxma alovlandığından Səhiyyə Nazirliyi tərəfindən əhalinin sağlamlığının qorunması və yoluxmaların qarşısının alınması məqsədilə, vaxtında qızılcaya qarşı vaksinasiyadan kənarda qalan 11- 40 yaşlı əhali arasında vaksinasiya tədbirlərinin aparılması üçün müvafiq vaksin preparatları ölkəyə idxal edilib. Hazırda immunizasiya tədbirləri aparılır.
Peyvənddən kənar qalan yüz mindən çox uşaq vaksin olunub
"Qızılca xəstəliyi alovlanandan sonra yüz minlərlə peyvənddən kənar qalan uşaq qızılca və məxmərəyə qarşı peyvənd olunub". Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) verilən açıqlamada deyilir. RGEM-dən bildirilib ki, uşaqlar arasında qızılcaya qarşı immunizasiya tədbirləri davam edir:
“Hazırda ölkə ərazisində qızılca xəstəliyinə qarşı əks-epidemik tədbirlərin aparılması davam etdirilir. Qızılca və məxmərəyə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar arasında peyvənd işinə nəzarət gücləndirilib, böyük yaşlı əhali arasında da peyvəndləmə işləri davam etdirilir”.
RGEM-in qeydinə görə, ölüm halları əsasən peyvənd almayan uşaqlar arasında, yaxud peyvəndin birinci dozasını alıb ikinci dozasını almayan, immun sistemi zəif, yanaşı ağır xəstəlikləri olan uşaqlar arasında müşahidə olunur.
Qurumdan o da bildirilib ki, serebral iflic xəstəliyi peyvənd üçün əks göstəriş deyil. Belə uşaqlar nevroloq nəzarəti altında, müalicə dövrü bitdikdən sonra mütləq peyvənd olunmalıdırlar ki, antitel formalaşsın.