BAKI, 6 fevral — Sputnik. Fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq prosesi ölkəmizin Türkiyədəki səfirliyi, İstanbul və Qars şəhərlərindəki baş konsulluqları tərəfindən fəal şəkildə davam etdirilir.
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Aygün Qocayeva məlumat verib.
O bildirib ki, Azərbaycanın Türkiyədəki səfirliyinin inzibati binasında seçki qanunvericiliyinə uyğun olaraq iki seçki məntəqəsi yaradılıb və məntəqə seçki komissiyaları formalaşdırılıb.
Türkiyədə yaşayan və fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının qarşıdan gələn prezident seçkilərinə ciddi maraq göstərdiklərini qeyd edən A.Qocayeva deyib ki, artıq minlərlə həmyerlimiz bununla bağlı səfirliyə müraciət edib. Həmin şəxslər konsulluq qeydiyyatından keçib və adları seçici siyahısına daxil olunub. Səfirlik vətəndaşlarımızın seçki hüquqlarını şəffaf və demokratik şəkildə həyata keçirmələri üçün bütün zəruri tədbirləri görür. Vətəndaşlarımızın seçki məntəqələrinə gediş-gəlişini asanlaşdırmaq üçün yerli bələdiyyələrin də dəstəyi ilə seçki günü şəhər mərkəzindən, azərbaycanlıların sıx yaşadıqları ərazilərdən və universitetlərdən səfirliyə xüsusi avtobus reysləri təşkil olunacaq.
Mətbuat katibi vurğulayıb ki, seçkilərdə iştirak etmək istəyən, lakin səhhəti ilə əlaqədar seçki məntəqələrinə getmək imkanı olmayan Azərbaycan vətəndaşları da diqqətdən kənarda qalmayıb. Belə ki, həmin şəxslərin müraciəti əsasında onlar üçün daşına bilən seçki qutuları təşkil olunub.
Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.