BAKI, 6 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin planlaşdırılan səfəri zamanı Türkiyə və Rusiya milli valyutalarda ticarət sahələrinin genişləndirilməsi perspektivlərini müzakirə etmək niyyətindədirlər. Bu barədə "RİA Novosti" mənbəyə istinadən xəbər verir.
Agentliyin həmsöhbətinin sözlərinə görə, milli valyutalarda ticarət məsələsi iki ölkənin iqtisadi gündəliyinin bəndlərindən biridir.
"Şübhəsiz ki, valyutalarımızda (lirələrdə və rubllarda) ticarət sahələrinin genişləndirilməsi üzrə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq" - agentlikdən bildirilib.
Bundan əlavə, Rusiya lideri Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli danışıqlar zamanı tərəflər taxılın Qara dəniz vasitəsilə dünya bazarlarına tədarükünün yeni üsulunu müzakirə edə bilərlər.
01.02.24, 19:39
Ərdoğan Putini Ukrayna ilə bağlı danışıqlara qayıtmağa dəvət edə bilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini Ukrayna üzrə sülh danışıqlarını müzakirə etmək üçün dəvət edə bilər.
Bu fikri türkiyəli analitik Engin Özer bölüşüb.
"Sülh danışıqlarına başlamaq təklifi Prezident Putinin Türkiyəyə səfəri zamanı təqdim oluna bilər" - Özer "RİA Novosti"yə müsahibəsində bildirib.
Onun fikrincə, əvvəllər İstanbul prosesi zamanı əldə edilən irəliləyiş sülh danışıqlarının əsasını təşkil edə bilər. Ekspert, həmçinin hesab edir ki, Türkiyə bu danışıqlarda vasitəçi kimi çıxış edə bilər.
"Çox güman ki, bu günlərdə Ankaradakı türk və amerikalı diplomatlar sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparmağa başlayıblar" - analitik əlavə edib.
Bundan əvvəl RF dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov Rusiya prezidentinin Türkiyəyə səfərinin hazırlandığını bildirib. Onun 2024-cü ilin fevralında baş tutacağı gözlənilir.
Putin və Edoğan keçən il görüşməyi planlaşdırırdılar. Lakin Rusiya liderinin sözlərinə görə, onun türk həmkarı qrafikə görə bunu edə bilməyib. Putin qeyd edib ki, onun Türkiyə prezidenti ilə bir sıra məsələlərdə oxşar mövqeləri var.
Vladimir Putin dəfələrlə bildirib ki, Ukrayna bir sıra məsələlərin həlli üçün Rusiya tərəfi ilə dialoq aparmaqdan imtina edir. Dövlət başçısının sözlərinə görə, bütün ziddiyyətlər danışıqlar yolu ilə həll olunmalıdır, lakin Zelenski bunları qadağan edən fərman qəbul edib. "Rusiya danışıqlara hazırdır, lakin kimsəni bu danışıqlara məcbur edə bilməz" - Putin vurğulayıb.