CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda seçkilər: Səsvermənin ilkin nəticələri 2 gün sonra açıqlanacaq

MSK sədri Məzahir Pənahov deyib ki, 6,5 milyona yaxın seçicisi olan Azərbaycanda prezident seçkilərini 90 minə qədər yerli və xarici müşahidəçi müşahidə edəcək.
Sputnik
BAKI, 6 fevral — Sputnik. Fevralın 9-da bütün dairələrdən məlumatlar alındıqdan sonra nəticələr ümumiləşdirilərək ictimaiyyətə açıqlanacaq. Bu, seçkilərin ilkin nəticəsi sayılacaq.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
"Yekunda isə Konstitusiya Məhkəməsinin qərarı olacaq. Bu qərar qətidir. Bundan sonra seçilən şəxs andiçmə keçirə biləcək" - o qeyd edib.
***
Hazırda siyahıda olan 6 milyon 478 min 623 seçici 6 mindən çox seçki məntəqəsində səs verəcək.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, seçkilərin keçirilməsi üçün ən vacib məsələlərdən biri seçici siyahılarının tərtibi idi:
"Seçicilər üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Seçki prosesinin əsas məqamı şəffaflıqdır. Ona görə 89 min 366 müşahidəçi qeydiyyatdan keçib".
MSK sədri əlavə edib ki, seçki prosesini ATƏT və MDB üzvü olan ölkələrdən 700-dən artıq xarici müşahidəçi müşahidə edəcək:
"O cümlədən Türk PA, Qaradəniz Əməkdaşlıq Təşkilatından müşahidəçilər var. 790 beynəlxalq müşahidəçi təxminən 72 beynəlxalq təşkilatı təmsil edir. 109 beynəlxalq media qurumu seçki prosesini izləyəcək".
Pənahov qeyd edib ki, seçki prosesində şəffaflıqla bağlı problem olmayacaq:
"Min məntəqədə veb-kameralar quraşdırılıb. Bu veb-kameralar səhər saat 7.30-dan ta seçki protokolları dairələrə göndərilənə qədər fasiləsiz işləyəcək".
MSK sədrinin sözlərinə görə, əlillik arabasından istifadə edənlərə 2 mindən çox məntəqədə səsvermə prosesi üçün şərait yaradılıb.
Sabah 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə səsvermə keçiriləcək
Məzahir Pənahov qeyd edib ki, sabah 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə səsvermə keçiriləcək.
Onun sözlərinə görə, sabah Azərbaycanda tarixi gündür: "Hesab edirəm ki, sabahkı seçkilərin əsas əhəmiyyəti də müasir Azərbaycanın bütün ərazilərində keçirilməsidir. Azərbaycanın əraziləri 30 ildən çox işğalda qalmışdı və 800 minə yaxın insanımız köçkün düşmüşdü. Ona görə də 450 minə yaxın seçici Azərbaycanın müxtəlif ərazilərində səs verirdi. Ancaq 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz suverenliyini bərpa etdi və sabah azad edilmiş ərazilərdə də səsvermə keçiriləcək".