BAKI, 5 fevral — Sputnik. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Sputnik Azərbaycan Secki-2024.az saytına istinadla xəbər verir ki, MSK sədri Məzahir Pənahov qonaqları salamlayaraq, görüşdən məmnunluğunu ifadə edib. Seçkilərdə aşkarlığın və şəffaflığın təmin olunmasında müşahidəçilik institutunun mühüm rol oynadığını vurğulayan sədr, rəhbərlik etdiyi ali seçki qurumunun beynəlxalq təşkilatlarla əməkdaşlığa daim xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.
O, beynəlxalq müşahidəçilərin Azərbaycanda keçirilən seçkilərə böyük maraq göstərməsini yüksək qiymətləndirib. Səmimi qəbula görə minnətdarlığını bildirən MDB Baş katibi Prezident seçkiləri ilə əlaqədar həyata keçirilmiş layihələr və görülmüş işlər barədə məlumat verilməsini xahiş edib.
Sədr M.Pənahov prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində atılmış addımlar və reallaşdırılmış genişmiqyaslı layihələrdən danışıb, onları maraqlandıran sualları cavablandırıb.
Görüş çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və fikir mübadiləsi aparılıb.
İnfoqrafika: Azərbaycan prezidentliyinə namizədlər
© Sputnik / Elnur Salayev
Qeyd edək ki, fevralın 7-də keçiriləcək prezident seçkilərində qeydiyyata alınmış 7 namizəd mübarizə aparacaq. Həmin namizədlər aşağıdakılardır:
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;
Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.