BAKI, 5 fevral — Sputnik. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarishvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Secki-2024.az xəbər verir ki, gürcüstanlı həmkarını və rəhbərlik etdiyi nümayəndə heyətini salamlayan Məzahir Pənahov əlaqələri genişlənməkdə olan iki ölkənin ali seçki qurumları arasındakı sıx əməkdaşlıqdan məmnunluğunu bildirib.
M.Pənahov vurğulayıb ki, qurumlararası münasibətlər və qarşılıqlı təcrübə mübadiləsi seçki sisteminin inkişafında mühüm rol oynayır.
MSK sədri Məzahir Pənahov qeyd edib ki, fevralın 7-də seçicilərin azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb.
Giorgi Kalandarishvili seçkilərin müşahidəsi üçün dəvətə və səmimi qəbula görə minnətdarlığını bildirib. O, seçki prossesinin şəffaf və yüksək peşəkarlıqla keçiriləcəyindən əminliyini ifadə edib.
İnfoqrafika: Azərbaycan prezidentliyinə namizədlər
© Sputnik / Elnur Salayev
Qeyd edək ki, fevralın 7-də keçiriləcək prezident seçkilərində qeydiyyata alınmış 7 namizəd mübarizə aparacaq. Həmin namizədlər aşağıdakılardır:
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;
Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.