BAKI, 5 fevral — Sputnik. Moskvanın "Exposentr" Mərkəzi Sərgi Kompleksində 31-ci Ərzaq Məhsulları, İçkilər və Onların İstehsalı üçün Xammal Beynəlxalq Sərgisi - "Prodekspo-2024" açılıb.
Azərbaycan milli stendində 28 şirkət öz məhsullarını sərgiləyir. Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Rusiya Ticarət və Sənaye Palatasının himayəsi ilə təşkil olunan sərgidə Azərbaycan da daxil olmaqla 40 ölkədən 2145 şirkət iştirak edəcək. "Prodekspo" miqyasına görə dünyanın ən böyük 10 ərzaq sərgisindən biridir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı bildirib ki, bu il 28 Azərbaycan şirkəti milli "Made in Azerbaijan" stendində öz məhsullarını nümayiş etdirir.
"Bu il sərgidə fərqli sahələridən olan - qida sənayesi, kənd təsərrüfatı məhsulları, o cümlədən meyvə-tərəvəz, şərablar, qablaşdırma və digər məhsullar istehsal edən şirkətlər iştirak edir. Son illər Azərbaycanda qeyri-neft sektorunda artım müşahidə olunur. Ötən il bu sektorda əvvəlki illə müqayisədə 10 faizə yaxın, 3,3 milyard dollar həcmində artım qeydə alınıb. Bu il də biz Rusiya bazarına, eləcə də digər ölkələrə ixracın artımını gözləyirik", T.Hacılı bildirib.
T.Hacili sərgidə Azərbaycan stendinə böyük maraq olduğunu vurğulayıb.
Qeyd edilib ki, sərginin təşkilatçıları ilə aparılan danışıqlar nəticəsində növbəti illərdə Azərbaycanın üzümçülük məhsulları və alkoqollu içkilərin təqdim olunacağı ayrıca stendin yaradılması barədə razılıq əldə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.