CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

At dəbdəbə deyil, nəqliyyat vasitəsidir: yüksək dağ kəndindən olan bir müəllimin hekayəsi

Zaqatala rayonundan olan bədən tərbiyəsi müəllimi hər gün 1,5 saata yaxın vaxtını yolda keçirir.
Sputnik
BAKI, 5 fevral — Sputnik. Artıq 15 ildən çoxdur ki, bədən tərbiyəsi müəllimi Rauf Ramazanov hər gün 14 km məsafəni at çaparaq qət edib yüksək dağ kəndinə işə gedir.
"Sputnik Azərbaycan" Zaqatala rayonunun Sabunçu kəndindən olan fədakar məktəb müəllimi ilə söhbət edib.
Rauf Ramazanov Yuxarı Çardaxlar kəndində yaşayır. 20 yaşında orduda xidməti başa vurduqdan sonra o, bədən tərbiyəsi müəllimi kimi işə düzəlir və qonşu kənddə müəllimlik etməyə başlayır. Evindən məktəbə qədər olan məsafə yeddi kilometrdir ki, onu qırx dəqiqəyə qət etmək olar. Əvvəlcə yoxuşa qalxmalısan - amma asfalt yolda, qalan üç kilometr yol dağ çayı boyunca uzanır, amma çayın özünü də bilavasitə keçmək lazım olur.
"Pis havada atı həyətdə qoymalı oluram, sonra işə piyada gedirəm, ona görə çayı da özüm keçirəm. Etiraf etməyə utanıram, amma islanmamaq üçün paltarlarımı çıxarıram... Qışda bəzən çayı üzərək keçirəm" - Ramazanov bildirib.
Sabunçu kəndinə yalnız yolsuzluq avtomobili və ya atla getmək olar. Belə ki, başqaları maşın dəyişdiyi halda, Ramazanov 15 ildə dörd at dəyişdirib. Hazırkı dördayaqlı köməkçisi sayca beşincidir.
Zaqatalaya mənzərə
Bəzi atları o satıb, bəziləri isə qocalıblar
Təbii ki, at maşın deyil, lakin onun saxlanması yemək, dərman və baytar üçün müəyyən xərclər tələb edir. Ramazanov isə öz sahəsində heyvana yem yetişdirdiyindən xərcləri hesablamayıb. Ramazanov atla çox mehriban davranır, onu qoruyur, qışda onu dağ çayının soyuq suyuna salmamağa çalışır.
Amma müəllim bu çətinliklərdən yox, cəmi 180 manat (minimum əmək haqqı 345 manat) olan maaşının azlığından şikayətlənir. Məktəbdə cəmi səkkiz şagird olduğu üçün onun həftədə altı saat dərsi var.
"Siniflərdə şagird sayı yetərli deyil. Məsələn, səkkizinci və altıncı sinifdə iki şagird, doqquzuncu sinifdə bir, ibtidai siniflərdə üç şagird var" - o qeyd edib.
Ramazanovun sözlərinə görə, məktəbdə qonşu Balakən rayonundan və Zaqatalanın Muxax kəndindən olan daha 9 müəllim dərs deyir. Müəllimlərin hamısı hər gün işə piyada gəlib-gedirlər. Belə ki, iki həmkar məktəbin yaxınlığında yaşayır.
Təhsil müəssisəsinin özü müasir standartlara tam uyğundur: bina təmir edilib, istilik və müasir mebellərlə təmin olunub. Bununla belə, müəllimlər təhsil ocağının gələcək taleyindən və şagird sayının yetərli olmaması səbəbindən tezliklə bağlana biləcəyindən narahatdırlar.
Elm və təhsil naziri Emin Əmrullayev bu günlərdə bildirib ki, şagird sayı 30 nəfərdən çox olmayan təhsil müəssisələrində bir uşağın təhsili 7 min manata yaxın məbləğə başa gəlir. Özəl məktəbdə uşağı oxutmaq da demək olar ki, eyni qədər xərc tələb edir.
Ramazanov öz məktəbinin gələcəyindən narahatdır. Şagird çatışmazlığı səbəbindən iş yerini dəyişməli olsa, yaxınlıqdakı təhsil ocaqlarında dərs deyə biləcəyinə əmindir. O, ora atla getməli olmayacaq, çünki ən yaxın kəndlərə avtobuslar gedir. Amma müəllim hələ də atdan imtina etmək fikrində deyil: at ona təsərrüfatda həmişə lazımdır.